“Zeyvə” Tarantinonun filminə necə daxil oldu? – Azərbaycan xalçaları Hollivudda 

Hazırda oxunan: “Zeyvə” Tarantinonun filminə necə daxil oldu? – Azərbaycan xalçaları Hollivudda 

72509

“Kventin Tarantinonun rejissoru olduğu “Şərəfsiz əclaflar” (Inglourious Basterds) adlı məşhur filmin elə ilk səhnələrində Qubanın “Zeyvə” xalçasını görürük. “Zeyvə” xalçaları qədim və zəngin tarixə malikdir. Xalçanın adı Qubadan 30 km cənub-şərq istiqamətində yerləşən kəndin adından götürülüb”. 

Bizim.Media xəbər verir ki, dünyaca məşhur Hollivud filmlərininin dekorasiyasında istifadə olunan Azərbaycan xalçaları AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev tərəfindən araşdırılıb. 

Zaur Əliyev “Zeyvə” xalçaları ilə bağlı bir sıra maraqlı faktları da diqqətə çatdırıb: 

“Filmdə gördüyümüz kiçikölçülü “Zeyvə” xalçasının ara sahəsində bir-birinin ardınca yerləşdirilmiş ulduz formalı göllər təsvir olunub. Qırmızı yerlikli ara sahədə boş qalan hissələr doldurucu elementlərlə tərtib olunub. Ana haşiyədə isə “Məşəl” haşiyə bəzəyindən istifadə edilib. Qeyd edim ki, Zeyvə xalçası dünyaca məhşur rəssam  Van Eykin "Müqəddəs Məryəm" əsərində Məryəmin ayağının altında da əks edilib”.  


Dosent Azərbaycan xalçalarının istifadə olunduğu bir sıra digər filmlərin də adlarını sadalayıb: 

“Bundan əlavə, Amerikanın məhşur filmlərindən olan “Ölü zona” (The Dead Zone) filmində biz dəfələrlə Azərbaycan xalçalarının təsvirini görürük. Onlardan biri “Çıraqlı” xalçası daha çox filmdə göstərilir. Eyni zamanda  məhşur "Yalan nəyi gizlədər” (What lies beneath) filmində Qubanın “Bilici” xalçasını görürük. “Mələk qəlbli” (Angel Heart) filmində  “Qoşabuynuz” elementli  Azərbaycan xalçasını, “Can dostum” (Good Will Hunting) filmində də “Qarmaqlı” elementli xalçamıza rast gələ bilərik. Hətta bu gün Türkmənistanın iddialarına baxmayaraq dünya şöhrətli 'Xaç atası" (The Godfather) filminin ikinci hissəsində biz Bakı xalçaçılıq məktəbinə məxsus  “Ərsin” xalçasını da görə bilərik”. 

Zaur Əliyev Azərbaycan xalçalarının Hollivud filmlərinə necə yol tapdığını da müəyyən edib:  

“1970-ci ildən etibarən Hollivud filmləri üçün dekorasiya alınan zaman Amerikada 1950-ci illərdə açılmış olan Azərbaycan xalça mağazasının xidmətlərindən istifadə edilib.
Bu mağazanın sahibi ikinci dünya müharibəsi illərində legioner olmuş, sonradan Amerikaya köçmüş Əli (təəssüf ki, tam məlumat tapa bilmədim) adlı azərbaycanlı olub. Yəqin ki, Amerikada belə mağazanın sahibi olan azərbaycanlı Əlinin kimliyi nə zamansa ortaya çıxacaq, amma onun Hollivud filmlərinin dekorasiya xidmətləri göstərən şəxs olduğu dəqiq məlumdur”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin