CNN verdiyi məlumata görə ABŞ-da ömürlük həbsə məhkum edilən İsrail cəsusu çərşənbə günü ABŞ-dan İsrailə gətirilib.
Conatan Pollard və həyat yoldaşı Ester Pollard İsrail Baş Naziri Benyamin Netanyahunun yaxın dost, milyarder Şeldon Adelsona məxsus xüsusi təyyarə ilə Təl-Əvivə gətirilib.
Təl-Əviv hava limanında onları hər ikisi üçün İsrail şəxsiyyət vəsiqəsi təqdim edən Netanyahu qarşılayıb.
MÖVZU İLƏ BAĞLI:
İsrail İran körfəzinə dəmir yolu çəkir
Çonatan Pollard ABŞ Dəniz Qüvvələri analitiki olaraq işləyən zabit idi. O, İsrailin yüksək səviyyəli kəşfiyyat məmurları ilə qarşılıqlı əlaqə qurmuş və ilyarım ərzində İsrailin ərəb düşmənləri, onların Sovet İttifaqından aldıqları hərbi dəstək barədə çoxsaylı gizli sənədləri ötürmüşdü.
1985-ci ilin payızında Dəniz Qüvvələrinin əks-kəşfiyyat şöbəsi Conatan Pollardın etdiyi hərəkətlərdən şübhələnir.
Çünki Pollard tapşırıldığı bölgələrlə heç bir əlaqəsi olmayan çox sayda gizli məlumatla işləyirdi. Nəhayət bir gün Conatan Pollard binadan gizli materialları çıxararkən özünü deşifrə edir.
Üç gün sonra o və həyat yoldaşı Anne Henderson Pollard, İsrailin Vaşinqtondakı səfirliyi qarşısında həbs olundular. MKİ-nin verdiyi məlumata görə İsrail səfirliyi sığınacaq tələbini qəbul etməkdən imtina etmişdi.
MKİ hesabatında Pollard işi haqqında "ABŞ casusluq hadisələri arasında çox nadir" və "ABŞ kəşfiyyatı və xarici siyasət maraqlarını riskə atdığını" qeyd olunmuşdu.
Ömürlük həbs cəzasına məhkum edilən Conatan Pollard nəhayət 2015-ci ildə şərti olaraq sərbəst buraxılır. Lakin ona İsrailə getməsi qadağan edilir. İsrail hakimiyyətinin səyləri nəticəsində bu qadağa da götürülür və Pollard İsrailə gətirilir.
"Biz 35 ildən sonra nəhayət evdə olmağımızdan məmnunuq. Bizi evə gətirdiyinə görə İsrail xalqına və Baş nazirinə təşəkkür edirik." deyə Pollard qeyd edib. Baş nazir Netanyahu, Pollardların artıq "azadlıq və xoşbəxtlik içində" yeni bir həyat qura biləcəyini söyləyib.
Rəvan Əiyev, Bizim.Media