İtaliya hökuməti rusiyalı milyarder Dmitri Mazepin və onun oğlu - Formula 1 pilotu Nikita Mazepinə məxsus 105 milyon avro dəyərindəki aktivləri dondurub.
Bizim.Media xəbər verir ki, bu qərar İtaliya maliyyə polisi (“Guardia di Finanza”) tərəfindən Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində qəbul olunub.
“Sardiniya adasının Olbia bölgəsindəki 105 milyon avro dəyərindəki villanın Mazepin ailəsinə məxsus olduğu aparılan araşdırma nəticəsində məlum olub və əmlakın üzərində həbs qoyulub” , - deyə polisin açıqlamasında bildirilir.
Qeyd edək ki, D.Mazepinin sahibi olduğu “Uralchem Group” şirkəti mineral gübrələr və ammonyak daxil olmaqla, geniş çeşiddə kimyəvi məhsulların istehsalçısıdır.
Ötən il Formula 1-də “Haas” komandasının sürücüsü olan N.Mazepinin müqaviləsi isə bu ilin əvvəlində yenidən uzadılıb. Lakin Rusiya-Ukrayna gərginliyi səbəbindən onun müqaviləsinə xitam verilib.
İtaliya tərəfindən bu vaxta kimi Aİ-nin sanksiya siyahısında olan rusiyalıların ümumi dəyəri təxminən 1 milyard avroluq aktivləri üzərində həbs qoyulub.
Bizim.Media