Ukrayna ordusu Kiyevin şərqindəki ərazilərə nəzarəti bərpa etdi – FOTO/VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Kiyevin şərqindəki ərazilərə nəzarəti bərpa etdi – FOTO/VİDEO

68243

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qırxıncı günündə hərbi əməliyyatların xəritəsi dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Anadolu agentliyinin rus xidmətində yer alıb.

Mənbə yazır ki, Rusiya Kiyevi ələ keçirmək planından əl çəkərək gözlərini Ukraynanın şərqinə və cənubuna dikib.

Moskva “Ukraynada xüsusi əməliyyatın birinci mərhələsinin” başa çatdığını elan etdikdən sonra qoşunlarını iki istiqamətdən çıxarmağa başlayıb. Bu, Ukrayna Silahlı Qüvvələrinə ölkənin əhəmiyyətli ərazisinə, xüsusilə Kiyevin şərqinə nəzarəti bərpa etməyə imkan verib. 

Rusiya qoşunlarından azad edilən Ukrayna yaşayış məntəqələrində, o cümlədən İrpen, Buça və Qostomeldə minalardan təmizləmə işlərinə başlanılıb. Partlayıcı qurğu təhlükəsi səbəbindən əhalinin evlərinə qayıtmasına icazə verilmir. Paytaxta bitişik şəhərlərdə minatəmizləmə işlərinin ən azı 10 gün davam edəcəyi gözlənilir.

Ukraynanın şimalındakı Çerniqov şəhəri də müharibədə dərin izlər buraxıb. Yerli administrasiyanın məlumatına görə, şəhər 70 faiz dağılıb.

Rusiya qoşunları da bir neçə gün əvvəl şiddətli döyüşlərin getdiyi Ukraynanın Sumı vilayətini tərk edir. Həmçinin məlumat var ki, Rusiya komandanlığı Kiyev vilayətindən və Ukraynanın şimalından çıxarılan qoşunları bu ölkənin şərqinə və cənubuna köçürür.

Ukraynanın cənubundakı Xerson vilayəti və Rusiya Federasiyası ilə həmsərhəd olan şərq rayonları rus qoşunlarının nəzarəti altındadır.

Ukraynadakı müharibənin 40-cı gününün səhəri Rusiya Silahlı Qüvvələrinin Odessadakı neft emalı zavodu ərazisinə raket hücumu ilə bağlı xəbərlə başlayıb.
Ternopol, Nikolayev, İvano-Frankovsk, Rivne, Xarkov, Xmelnitski vilayətləri də rus qoşunlarının artilleriya və raket atəşinə məruz qalıb. Rusiya ordusu Xarkov vilayəti ilə yanaşı, Donetsk və Luqansk vilayətlərində də ciddi itkilər verir.

Ukrayna hərbçiləri blokadaya alınmış Mariupolda ruslara müqavimət göstərməkdə davam edir.

Bir aydan çoxdur intensiv atəşə tutulan Mariupolda 100 mindən çox mülki şəxsin qaldığı deyilir.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin