Oleq Qazmanovun SSRİ arzusu – “Moldova, Qazaxıstan və Qafqaz bizimdir” - VİDEO

Hazırda oxunan: Oleq Qazmanovun SSRİ arzusu – “Moldova, Qazaxıstan və Qafqaz bizimdir” - VİDEO

65670

Ötən gün Krımın Rusiyanın tərkibinə qatılmasının səkkizinci ildönümü münasibətilə paytaxt Moskvadakı “Lujniki” stadionunda mitinq keçirilib.

Mitinqdə iştirak edən məşhur Rusiya ifaçısı Oleq Qazmanov SSRİ-yə aid mahnı ifa edib. Musiqinin sözlərində vaxtilə SSRİ-nin tərkibində olan ölkələrin adlarını sıralayaraq Rusiya tərəfindən SSRİ xülyasının gercəkləşdirildiyinə işarə edib. 

“Ukrayna, Krım, Belarus, Moldova, Qazaxıstan və ən nəhayət Qafqaz bizimdir”, - deyə səsləndirdiyi musiqidə sözügedən dövlətlərin müstəqilliyinə toxunaraq onları təhdid edib.

Üstəlik SSRİ-nin bərpa ediləcəyinə pərdərxası eyham vuran Oleq Qazmanova mitinqə qatılanlar da dəstək verib. 

Yayılan videogörüntülər Azərbaycan ictimaiyyətində də birmənalı qarşılanmayıb. Belə iddialar suverenliyini qazanmış dövlətlərin müstəqilliyinə növbəti xəyanət kimi dəyərləndirilib.

Bu barədə Bizim.Media-ya fikirlərini bölüşən siyasi şərhçi Cümşüd Nuriyev mahnının sözlərində həddindən artıq təhlükəli məqamların yer aldığını bildirib:

“Videonu izlədim və düzü çox dəhşətə gəldim. Həm də mahnının söylənildiyi arenaya fikir verdim. 

İfada təkcə Ukrayna deyil, Baltikyanı ölkələr və bizim üçün ən qorxulu olan Qafqazdan bəhs olunur. Yəni Qafqaz bizimdir. Orta Asiya ilə bağlı hələki problem görmədiklərini bəyan edirlər. Qazaxıstan, Qırğızıstan, Tacikistan Rusiyanın əlindədir. Türkmənistanda prezident dəyişir. Bir qədər etiraz edən Özbəkistanı da blokadaya alıblar. Bunu Qazmanovun dili ilə cəmiyyətə çatdırdılar”.

Milli Məclisin üzvü Fazil Mustafa isə SSRİ xəyalı ilə yaşayanların sadəcə psixi cəhətdən xəstə olduğunu deyib:

“Rusiyada hələ də xeyli qüvvələr var ki, özlərini ölkə məkanında görməyə alışdıra bilmirlər və gözləri ancaq başqa ölkələrdədir. Düşüncələri o ölkələri işğal etməkdir. Bu səfehlərin içində bəzən müğənni, alim, jurnalist və ya siyasətçi adı ilə çıxanlar olur ki, başqa xalqlara hədələyici mesajlar göndərirlər, onları hansısa formada Rusiyanın tərkibində qeyd edilər.

Oleq Qazmanovun ümumiyyətlə psixi vəziyyətini yoxlamaq lazmdır. Mahnıda hamını Rusiyanın tərkibinə qatdı və dünya qaldı... Yəqin ondan sonra da başqa mahnı icad edəcək. Avropa və Afrika ölkələrini Rusiyaya qatacaq, sanki dünyanın yaranmasını birbaşa özləri ilə əlaqələndirəcəklər ki, hər bir torpağı işğal etmək niyyətini daşıyacaqlar”.

Fazil Mustafanın sözlərinə görə zaman göstərir ki, işğal niyyətində olanlar çox geri düşürlər, hətta əllərində olanları da qoruyub saxlaya bilmirlər:

“Başqa bir ölkənin müstəqilliyinə toxunmaq, heç bir tərəfə xoşbəxtlik gətirmir. Bunun nümunəsi ingilislərdir. Onlar mədəni formada ayrıldılar və bu gün də hamı ingilislərlə mədəni münasibəti, onların mənəvi avtoritetini qoruyub saxlayır.

Ona görə də özündən sonra nifrət qoyub getməyə çalışan qüvvələr həmişə uduzurlar. Bu gün SSRİ-nin bərpasını düşünən və yenidən işğal xülyalarını daşıyan səfehlər də anlamalıdırlar ki, bununla yalnız nifrət qazanırlar. Halbuki müəyyən dərəcədə dostluqla, keçmişə xoş duyğularla baxışı təmin etmək onların da qazancı olardı. Görünən odur ki, bu qazancı deyil, nifrəti götürmək istəyirlər”.

Alçina Amilqızı, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin