Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Brüsseldə keçiriləcək NATO liderlərinin sammitində iştirak edəcək və bu sammit çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanması ilə bağlı danışıqlar aparacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan Ankarada Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında deyib.
"Türkiyə atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək. Xarici işlər nazirimiz bu gün Moskvada danışıqlar aparır. Sabah o, Ukraynaya gedəcək", - deyə Ərdoğan bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğanla Zelenski TELEFONLA danışdılar: "Atəşkəsə nail olmağa çalışırıq"
Onun sözlərinə görə, Polşa Prezidenti ilə danışıqlar zamanı tərəflər "iki NATO müttəfiqi kimi" Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Polşa iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaratmaq niyyətindədirlər.
Polşa Prezidenti, öz növbəsində, türkiyəli həmkarına Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi intensiv səylərə görə təşəkkür edib.
"Coğrafi və siyasi baxımdan çox əhəmiyyətli bir dövlət olan Türkiyə bu bölgədə sülhün təmin olunmasında son dərəcə mühüm rol oynayır", - deyə A.Duda bildirib.
O əlavə edib ki, Polşa Türkiyə ilə ötən ildən başlayan müdafiə sahəsində uğurlu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Bizim.Media