Orta əsrlərdən başlayaraq bioloji silahlardan, xüsusilə də, xəstəliklərdən müharibələr zamanı geniş istifadə olunmağa başlanılıb. Ötən əsrin əvvələrindən etibarən isə bu istiqamətdə laborator araşdırmalar daha geniş yer verilib.
Günümüzdə bir çox ölkələrdə bioloji araşdırma laboratoriyaları fəaliyyət göstərsə belə əksər ölkələr onların silahların hazırlanması məqsədilə istifadə edilməsini inkar edirlər.
O da məlumdur ki, böyük güclər təsir dairəsində olan ölkələrdə bu cür laboratoriyalar yaradır və onlardan çox zaman gizli saxlanılan məqsədləri üçün istifadə edirlər. Ermənistan da xarici ölkələrin bioloji laboratoriyalarına ev sahibliyi edən ölkələrdəndir. Rəsmi şəkildə də etiraf edilir ki, bu ölkədə ABŞ-ın 12 bioloji laboratoriyası fəaliyyət göstərir.
MÖVZU İLƏ BAĞLI:
Ən təhlükəli BİOSİLAHLAR və onlardan kimdə var? – SİYAHI
Bizim.Media-nın araşdırması nəticəsində məlum olub ki, bu bioloji bazaların yaradılmasına Ağ Ev tərəfindən 50 milyon dollara yaxın vəsait ayrılıb.
Son olaraq, erməni mətbuatında Ermənistan xüsusi xidmət orqanlarının keçmiş nümayəndələrinin bu laboratoriyaların araşdırılması ilə bağlı şikayətlərini dərc edib.
Məlumat üçün qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Proqramı (BTRP) çərçivəsində Moldova, Gürcüstan, Qazaxıstan və Ukraynada da oxşar laboratoriyaları mövcuddur.
Erməni KİV-lərinin məlumatına görə, Ermənistanda fəaliyyət göstərən laboratoriyalar dövlət resurslarına maneəsiz çıxış imkanlarına malikdir və xüsusi təhlükəli patogenlərin araşdırılması ilə məşğuldur. Onların işğal dönəmində Qarabağda eksperimentlər təşkil etikləri də informasiyalar arasındadır.
Ermənistan müxalifəti Rusiya yaxınlığında yerləşən bu tip araşdırma mərkəzlərinin bioloji silahların hazırlanması və tətbiqi istiqamətində fəaliyyət göstəridiyini iddia edirlər.
Müstəqil ekspertlər isə qeyd edirlər ki, davam edən tədqiqatların nəticələri ABŞ ordusu tərəfindən slavyan etnik qrupunun nümayəndələrinə qarşı yeni növ bioloji silah yaratmaq üçün istifadə olunur.
Lakin bir sıra mənbələr laboratoriyalardan Ermənistan hökumətinin maraqları çərçivəsində də istifadə olunduğu qənaətindədirlər. Belə ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində sonra Pentaqonla biroloji araşdırmalar istiqamətində danışıqlar daha da intensivləşib və 2020-ci ildə yeni razılaşma əldə olunub. Rəsmi sənədlərdə açıq şəkildə qeyd olunmasa da, bir sıra araşdırmaçı jurnalistlər rəsmi İrəvana bioloji laboratoriyaların imkanlarından yararlanmaq iznin verildiyini iddia edirlər.
O da məlumdur ki, Pentaqon və rəsmi İrəvan arasında əldə olunan razılaşmaya görə bu laboratoriyaların fəaliyyəti hələ 2025-ci ilə kimi davam edəcək.
Ermənistan Dövlət Qida Təhlükəsziliyi Xidmətinin keçmiş rəhbəri Qriqor Qriqoryan ABŞ laboratoriyalarında bioloji silahların hazırlanmasını əmin olduğunu 2021-ci ilin aprelində verdiyi müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, 2017-ci ildə Tavuş vilayətinin Artsvaberd kəndində kütləvi tulyaremiya epidemiyasının yayılması da məhz həmin laboratoriyaların fəaliyyətinin məhsuludur.
Bu tip xəstəliklərin bütün Cənubi Qafqazda məqsədli şəkildə yayıldığı ilə bağlı azərbaycanlı alim Elxan Ələsgərov hələ 2020-ci ilin mayında xəbərdarlıq edib:
“Ermənistan hakimiyyətinin avantürist xarakterini nəzərə alsaq, bioloji tədqiqatların Ermənistan Müdafiə Nazirliyinin maraqlarına uyğun aparıldığını deməyə bütün əsaslar var. Azərbaycan ordusu ilə qarşıdurmada hərbi-texniki potensialın olmadığı bir şəraitdə Ermənistan Müdafiə Nazirliyi Azərbaycana qarşı mümkün “bioloji silah”ın yaradılması istiqamətində iş aparır.
Koronavirus epidemiyasının dünyada yayılması fonunda Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyalar təkcə Azərbaycan üçün deyil, bütün dünya ictimaiyyəti üçün təhlükə yaradır”.
Laboratoriyaların hələ 2025-ci ilə qədər fəaliyyət göstərəcəyini nəzərə alsaq, sərhədlərimiz yaxınlığındakı təhlükənin daha 3 il davam edəcəyi aydın görünür. 2020-ci ildə sözügedən laboratoriyalarda monitorinqlərin aparılmasına maneə törədən Ermənistan hökumətinə təzyiqlərin artırılması isə artıq zərurətə çevrilib.
Murad Əhmədov, Bizim.Media