"Ukrayna Donbasda heç bir hücum əməliyyatı planlaşdırmır" - Müdafiə Nazirliyi

Hazırda oxunan: "Ukrayna Donbasda heç bir hücum əməliyyatı planlaşdırmır" - Müdafiə Nazirliyi

60822

Ukrayna Müdafiə Nazirliyi separatçıların Ukrayna ordusunun Donbasda hücum əməliyyatları hazırlaması ilə bağlı bütün ittihamlarını növbəti dəfə təkzib edib. Qurum əmin edib ki, heç bir hücum hazırlığı yoxdur.

Bizim.Media “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə informasiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

"Bu dezinformasiyadır. Ukrayna ordusu heç bir hücum əməliyyatı planlaşdırmır, çünki bu, mülki əhali üçün təhlükə yarada bilər. Birgə Qüvvələr Əməliyyatı zonasında bütün fəaliyyətlər müstəsna olaraq müdafiə xarakteri daşıyır", - Nazirlik bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada həyəcan siqnalı verildi: Hücum başlayır? - VİDEO


Qeyd edilib ki, Ukrayna öz öhdəliklərinə ciddi şəkildə riayət edir və münaqişənin həlli üçün siyasi və diplomatik ssenarinin tərəfdarıdır.

"Ukrayna istəyir ki, Donbasa sülh gəlsin, dirçəliş mümkün qədər tez başlasın. Çünki bura bizim torpağımızdır, orada xalqımız yaşayır. Biz uşaq bağçalarını və məktəbləri atəşə tutan rus qoşunlarından fərqli olaraq hər bir insanın həyatını yüksək qiymətləndiririk. Dünən Rusiya təbliğatı Luqanskoy yaşayış məntəqəsinin atəşə tutulması ilə bağlı açıq yalan yaydı, biz bunu tez bir zamanda təkzib etdik.

Onlar hətta Qorlovkada kimyəvi hücum təşkil etmək istəyən təxribat qrupları haqqında başqa saxta informasiya tirajladılar, səhnələşdirilmiş video da çəkdilər. Şçastye keçid məntəqəsində BMT-nin humanitar missiyasını özləri atəşə tutub.

Biz və tərəfdaşlarımız dəfələrlə xəbərdarlıq etmişik ki, Rusiya tərəfi hücuma hazırlaşır, cinayətlərinə bəraət qazandırmaq üçün müxtəlif səhnəciklər hazırlayırlar”, - müdafiə naziri Aleksey Reznikov bildirib.

O, ukraynalıları saxta məlumatlara inanmamağa, qorxmamağa və Silahlı Qüvvələrə etibar etməyə çağırıb.

Qeyd edək ki, "Unian.net" son sutka ərzində, fevralın 17-də Birgə Qüvvələrin yerləşdiyi ərazidə separatçıların atəşkəs rejimini 60 dəfə pozduğunu yazıb.

Atışma nəticəsində Birləşmiş Qüvvələrin iki üzvü, həmçinin iki mülki şəxs yaralanıb.

Bundan əlavə, Luqanskoy yaşayış məskəninin atəşə tutulması zamanı uşaq bağçasının binası, elektrik xətləri, qaz kəməri zədələnib, iki fərdi yaşayış evi dağılıb. Məktəbəqədər təhsil müəssisəsinin üç əməkdaşı kontuziya alıb.

Həmçinin, Rusiya Federasiyasının silahlı birləşmələri Vrubovka kəndini artilleriyadan atəşə tutub, yerli ümumtəhsil məktəbinin binasına, qaz xəttinə və fərdi yaşayış evinə ziyan vurub.

Məktəb və uşaq bağçasının atəşə tutulmasından sonra separatçılar və Rusiya mətbuatı yaşayış məntəqələrinin Ukrayna tərəfindən atəşə tutulduğu barədə xəbərlər yaymağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin