Macarıstanda parlament seçkilərinin ilkin nəticələrinə görə, baş nazir Viktor Orbanın əsas rəqibi olan “Tisza” Partiyası üstünlüyünü artırır.
Bizim.Media xəbər verir ki, Reuters və AP-nin yaydığı məlumatlara əsasən, səslərin təxminən 29 faizi sayıldıqdan sonra Peter Macarın rəhbərlik etdiyi Tisza Partiyası 132 mandat, səslərin daha böyük hissəsi hesablandıqdan sonra isə təxminən 135 mandat qazana biləcək nəticə göstərib.
Bu isə 199 yerlik parlamentdə üçdə iki çoxluğa yaxın və ya onu keçən üstünlük deməkdir.
İlkin hesablamalara görə, Viktor Orbanın rəhbərlik etdiyi Fidesz və onun müttəfiqləri parlamentdə təxminən 57 yerlə kifayətlənə bilər. AP yazır ki, Tisza Partiyası 106 birmandatlı dairənin 95-də irəlidə gedir və bu, 16 ildir hakimiyyətdə olan Orban üçün tarixi məğlubiyyətə çevrilə bilər.
Seçkidə iştirak səviyyəsi də rekord həddə yaxın olub. AP-nin məlumatına görə, seçici fəallığı təxminən 77 faiz təşkil edib ki, bu da Macarıstanda son illərin ən yüksək göstəricilərindən biridir.
Beləliklə, hazırkı mənzərə onu göstərir ki, Macarıstanda müxalifət yalnız önə keçməyib, həm də Orban hakimiyyətinin sona çatması ilə nəticələnə biləcək ciddi üstünlük qazanıb.
Bununla belə, söhbət hələ də ilkin nəticələrdən gedir və yekun rəsmi nəticələrin dərc olunmasını gözləmək lazımdır.
Bizim.Media





























































































