ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla danışıqları bərpa etməkdən başqa seçiminin olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Fox News-a müsahibəsində o deyib ki, Tehran danışıqlar masasını tam tərk etməyib və yenidən qayıdacağını düşünür.
Trampın sözlərinə görə, ABŞ İranın güzəştə getməsini gözləyir və o, “90 faiz” və ya “95 faiz” yox, “hamısını” istədiyini vurğulayıb.
Trampın bu açıqlaması ABŞ və İran arasında İslamabadda keçirilən danışıqların nəticəsiz başa çatmasından sonra səslənib.
Reuters və AP-nin məlumatına görə, Pakistanın vasitəçiliyi ilə baş tutan 21 saatlıq görüşlər razılaşma olmadan yekunlaşıb. Əsas fikir ayrılığı İranın nüvə proqramı, Hörmüz boğazı və atəşkəs şərtləri ətrafında yaranıb.
Danışıqların fiaskosundan sonra gərginlik daha da artıb. Reuters yazır ki, Tramp artıq ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında blokada tədbirlərinə başlamaq göstərişi verdiyini açıqlayıb.
Bu addım Vaşinqtonun Tehrana təzyiqi artırmaq niyyətində olduğunu göstərir.
Beləliklə, Ağ Ev hesab edir ki, Tehran sonda danışıqlara qayıtmağa məcbur olacaq. İran tərəfi isə hələlik ABŞ-ın son təkliflərini qəbul etməyib və mövqelər arasında ciddi fərqlər qalır.
Bizim.Media































































































