ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə keçmiş məsləhətçisi Aaron Devid Miller hesab edir ki, İranın hazırkı böhran şəraitində Vaşinqtondan daha çox əlində “kozırı” var.
Bizim.Media xəbər verir ki, o, CNN-ə müsahibəsində bildirib ki, Tehran ABŞ-ın tələblərinə razılaşmır, çünki Hörmüz boğazına nəzarət edir, güclü silah imkanlarına malikdir və yüksək zənginləşdirilmiş urana sahib ola bilər.
Millerin sözlərinə görə, İran təhlükəsizlik və sabitliyi sarsıtmaq qabiliyyətini artıq nümayiş etdirib və məhz bu da onun əsas təzyiq alətləridir.
“Onlar təhlükəsizliyi və sabitliyi sarsıtmaq baxımından qorxuducu imkan nümayiş etdiriblər. Bunlar onların kozırlarıdır”, - deyə o vurğulayıb.
Keçmiş amerikalı diplomatın fikrincə, İranın danışıqlarda güzəştə getməkdənsə, hərbi əməliyyatları davam etdirməsi və ABŞ-la İsrailin zərbələrinə cavab verməsi daha real görünür.
Bu qiymətləndirmə ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə keçirilmiş son danışıqların nəticəsiz başa çatması fonunda səsləndirilib.
Xatırladaq ki, aprelin 11-də Vaşinqton və Tehran nümayəndələri arasında keçirilən görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, sanksiyaların ləğvi və döyüş əməliyyatlarının dayandırılması məsələləri müzakirə olunub.
ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun “qırmızı xətləri” aydın şəkildə təqdim etdiyini bildirib, lakin İran bu şərtlərlə razılaşmayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai də daha əvvəl açıqlamışdı ki, Tehran və Vaşinqton iki-üç prinsipial məsələ üzrə ortaq məxrəcə gələ bilməyib.
Bizim.Media

































































































