Lukaşenkoya 40 il əvvəl özünün yazdığı məktub hədiyyə edildi

Hazırda oxunan: Lukaşenkoya 40 il əvvəl özünün yazdığı məktub hədiyyə edildi

606653

Belarus prezidenti Aleksandr Lukaşenkoya gənclik illərində özünün yazdığı məktub hədiyyə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
 

Bildirilir ki, məktub Lukaşenkonun sovxoz rəhbəri olduğu və deputatlığa namizədliyini irəli sürdüyü dövrdə qələmə alınıb. Sənəd Mogilyov vilayətinin Şklov rayon arxivində saxlanılıb və dövlət başçısına yerli icra hakimiyyətinin sədri Sergey Bartoş tərəfindən təqdim olunub.


Bartoş xatırladıb ki, Lukaşenko vaxtilə həmin rayonda yerləşən “Qorodets” sovxozuna rəhbərlik edib. Prezidentin builki səfəri isə Pasxa bayramı münasibətilə baş tutub.

“Orada siz kəndləri və yaşayış məntəqələrini qorumaq, şəhər və kənd sakinləri üçün bərabər şərait yaratmaqla bağlı həyata keçirdiyiniz ideyalardan yazmısınız. Məktubun rayon qəzetində çap olunub-olunmadığını bilmirik”, - deyə Bartoş bildirib.

Lukaşenko hədiyyəni qəbul edib, təşəkkürünü bildirib və məktubu daha sonra oxuyacağını deyib. O, sənədin yerli qəzetdə dərc olunmasına şübhə etdiyini, bunu isə həmin dövrdə partiya orqanları ilə “mürəkkəb münasibətləri” ilə izah edib.
 

Qeyd edək ki, Lukaşenko “Qorodets” sovxozuna 1987-ci ilin martından rəhbərlik edib. 33 yaşında sədr seçilən Lukaşenko bir neçə il ərzində məhsuldarlığın və istehsalın iki dəfə, süd sağımının isə bir yarım dəfə artmasına nail olub. Sovxoz vilayətdə ilk dəfə icarə podratı tətbiq edən təsərrüfatlardan biri olub, burada kərpic və asfalt zavodları tikilib, yeni yollar salınıb, avtomobil parkı yenilənib.


Məhz sovxoz rəhbəri olduğu dövrdə Lukaşenko Belarus Ali Sovetinə deputatlığa namizəd olub və 1990-cı ildə parlamentə seçilib.

Belarus prezidenti “Qorodets”ə mütəmadi səfərlər edir. Ötən il də o, təsərrüfata baş çəkərək yerli rəhbərliyi tənqid etmiş, maşın həyətinin onun sədr işlədiyi dövrdən bəri yaxşılaşmadığını bildirmişdi. Lukaşenko həmçinin jurnalistlərə etiraf edib ki, bu sovxozu tez-tez yuxusunda görür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin