Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Hazırda oxunan: Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

606352

1937-ci ildə Sovet İttifaqının dörd tərəfini repressiyaların bürüdüyü qorxulu günlərinin birində XX əsrin ən böyük şairələrindən biri – İzabella (Bella) Axmadulina dünyaya gəlir. Tatar inqilabçı Əhəd Axmadulinin ailəsində aprelin 10-da dünyaya göz açmış bu qızcığaz sonralar həm şəxsi həyatı, həm də yaradıcılığı ilə İttifaqa səs salır.

Hələ tələbə ikən istedadı ilə özünü tanıdan Bella özü kimi şair, Yevgeni Yevtuşenko ilə ailə həyatı qurur.

Övladlarının ölü doğulmasıda bir-birini günahlandıran cütlük tezliklə ayrılır. Daha sonra yazıçı Yuri Naqubin, ardınca şair Eldar Quliyev ilə qısa evlilikləri olur. E.Quliyev şairədən 17 yaş kiçik olub. Böyük məhəbbətini və 35 illik ömür yoldaşlığını isə teatr rəssamı Boris Messererlə tapır.

Nikita Xruşşovun şəxsən zəhləsi getdiyi bu şairə dəfələrlə elə onun göstərişi ilə tənqid olunub. Buna baxmayaraq o, 1959-cu ildə Sov.İKP Mərkəzi Komitəsinə məktub yazaraq, "Doktor Jivaqo" romanına görə ədəbiyyat üzrə Nobel mükafatı almış Boris Pasternakın təqibini dayandırmağı tələb edir. Təbii ki, Xruşşov bu tələbi rədd edir. Üstəlik oxuduğu institutdan qovulur. Sonralar daha bir Nobel mükafatçısı İosif Brodski onun haqqında məşhur “Vogue” jurnalında esse yazır və ilk görüşdə şairəyə aşiq olur.
 

1977-ci ildə Axmadulina Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü seçilir. Bu, o vaxtkı rəhbərliyi daha da qqıcıqlandırırdı. Axmadulina dəfələrlə sovet dissidentlərini - Andrey Saxarov, Lev Kopelev, Georgi Vladimov və Vladimir Voynoviçi dəstəkləyib. Onların müdafiəsi üçün verdiyi ifadələr "New York Times" qəzetində dərc edilir və "Azadlıq" və "Amerikanın Səsi" radiolarında dəfələrlə yayımlanırdı.


Ömrünün son illərini çox ağır keçirib, gözü görmürdü, əl havasına hərəkət edirdi. Şairə 29 noyabr 2010-cu ildə 73 yaşında Peredelkinodakı bağ evində vəfat edib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin