ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

Hazırda oxunan: ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

606161

ABŞ Prezidenti Donald Tramp İranla bağlı verdiyi sərt ultimatumun başa çatmasına cəmi 90 dəqiqə qalmış iki həftəlik atəşkəs elan edib.

Bu qərar dünya bazarlarında müəyyən rahatlıq yaradıb. Neftin qiyməti enib, fond indeksləri isə yüksəliş göstərib. Bununla belə, ABŞ mediasında atəşkəsin mahiyyəti və nəticələri ilə bağlı fikir ayrılıqları davam edir.

Bizim.Media xəbər verir ki, Amerika nəşrləri və telekanalları Trampın bu addımını müxtəlif rakurslardan dəyərləndirib.

The New York Times yazır ki, Tramp taktiki uğur qazansa da, bunun müqabilində uzunmüddətli risklər əldə edib.

Nəşrin fikrincə, Hörmüz boğazı vasitəsilə neft tədarükünün bərpası qlobal iqtisadi gərginliyi azalda bilər.

Lakin qəzet hesab edir ki, İranın nüvə proqramı dayandırılmayıb, molla rejimi hakimiyyətdə qalır və Tehran hətta sonda Hörmüz boğazı üzərində daha böyük təsir imkanları əldə edə bilər. Nəşrin qənaətinə görə, dünya “əvvəlkindən daha pis vəziyyətdə” qala bilər.

The Wall Street Journal isə Trampın addımını “təhlükəli poker” adlandırır. Qəzetin fikrincə, ABŞ prezidenti güc nümayiş etdirən liderdən çox, təzyiq altında qalan və yaranmış vəziyyətdən panika içində çıxış yolu axtaran siyasətçi təsiri bağışlayıb.

Nəşr bunu Ağ Ev rəhbəri üçün etimad baxımından ciddi risk sayır.

CNN son günlər Trampın siyasətini “Amerika dağları”na bənzədib. Telekanal qeyd edir ki, Ağ Evin davranışı sərt təhdidlərdən gözlənilməz danışıqlara keçidlərlə müşayiət olunub. CNN-in qiymətləndirməsinə görə, ABŞ-ın addımları sıçrayışlı, çətin proqnozlaşdırılan və daha çox xaotik xarakter daşıyıb.

Kanal bu fonda sosial şəbəkələrdə yayılan TACO (“Trump Always Chickens Out” – “Tramp həmişə geri çəkilir”) məsxərəvi ifadəsinin populyarlaşmasına da diqqət çəkib.

Adətən Trampa loyal mövqeyi ilə seçilən Fox News isə fərqli yanaşma nümayiş etdirib. Kanal sərt xəttin Tehranın güzəştə getməsinə səbəb olduğunu vurğulayıb. Bununla yanaşı, Fox News NATO və Avropa müttəfiqlərinə də xəbərdarlıq edib.

Kanalın şərhinə görə, Tramp Avropanın onu “tək qoyduğunu” düşünür və bu səbəbdən Vaşinqton gələcəkdə alyansdakı lider roluna yenidən baxa bilər.

Daily Beast isə ən sərt mövqe sərgiləyən platformalardan biri olub. Nəşr Trampın atəşkəslə bağlı bəyanatlarını “absurd fantaziyalar” adlandırıb və bunu məğlubiyyəti qələbə kimi təqdim etmək cəhdi kimi dəyərləndirib.

Platformanın fikrincə, söhbət real sazişdən yox, Trampın öz siyasəti ilə dərinləşdirdiyi böhranı dayandırmaq cəhdindən gedir.

Beləliklə, ABŞ mediasında ümumi yanaşma ondan ibarətdir ki, atəşkəs müəyyən nəfəsdərmə effekti yaratsa da, onun nə qədər davamlı olacağı, Hörmüz boğazında gəmiçiliyin nə vaxt tam bərpa ediləcəyi və Trampın bunu həqiqətən strateji qələbəyə çevirib-çevirə bilmədiyi hələ də açıq sual olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin