Maya Sandudan MDB ilə bağlı fərman: Moldova rəsmən bu birlikdən çıxdı

Hazırda oxunan: Maya Sandudan MDB ilə bağlı fərman: Moldova rəsmən bu birlikdən çıxdı

606110

Moldova Prezidenti Maya Sandu Müstəqil Dövlətlər Birliyi (MDB) ilə bağlı əsas sazişlərin xitam verilməsi (denonsasiyası) haqqında fərmana imza atıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Newsmaker yayıb.

Məlumata görə, müvafiq fərman “Rəsmi Monitor”da dərc olunduqdan sonra aprelin 8-də qüvvəyə minib. Bu isə ölkənin təşkilatdan çıxış prosesinin yekun mərhələsi kimi qiymətləndirilir.

Moldova hökumətində bildirilib ki, bu addım Avropaya inteqrasiya kursunun məntiqi davamıdır. Ölkənin Xarici İşlər Nazirliyi isə qeyd edib ki, MDB-nin əsas prinsiplərinə artıq əməl olunmur.

MDB qaydalarına əsasən, üzv dövlət birlikdən çıxmaq hüququna malikdir və bu niyyətini təşkilata 12 ay əvvəl yazılı şəkildə bildirməlidir.

2023-cü ildən etibarən Moldova hakimiyyəti MDB çərçivəsində imzalanmış onlarla sazişə yenidən baxmağa başlayıb. Rəsmi Kişinyov milli maraqlara zidd olan və ya ölkənin Avropa İttifaqına inteqrasiyasına mane yaradan sənədləri mərhələli şəkildə ləğv edib.

Təşkilatdan çıxmaq qərarı ölkə daxilində Rusiyameyilli qüvvələrin sərt tənqidi ilə qarşılanıb. Kommunist Partiyasının nümayəndələri bu addımı “iqtisadiyyat üçün faciə” və Rusiyada çalışan vətəndaşlara qarşı “xəyanət” adlandırıblar.

Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Moldovanın MDB-də iştirakının guya təşkilat üçün “böyük əhəmiyyət kəsb etmədiyini” bildirmişdi.

Qeyd edək ki, təşkilatdan çıxmaq təşəbbüsü Moldova Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb və aprelin 2-də parlament tərəfindən ikinci oxunuşda dəstəklənib.

Martın 11-də isə Moldova hökuməti MDB-nin əsas sənədlərinin xitam verilməsini təsdiqləmişdi.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin