Pakistanın vasitəşiliyilə ABŞ-İsrail və İran arasında 14 günlük atəşkəs elan olunub. Hər iki tərəf bu fonda öz şərtlərilə çıxış edib. ABŞ 15 maddəlik, İran isə 10 bənddən ibarət tələblərini irəli sürüb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın sülh şərtləri
Qeyd edək ki, martın sonlarında ABŞ İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərib. Sözügedən plana aşağıdakı müddəalar daxildir:
1. İrana qarşı bütün sanksiyaların ləğvi.
2. ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi.
3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması.
4. İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması.
5. Zənginləşdirilmiş uranın saxlanması, lakin nəzarət və razılaşdırılmış limitlər daxilində.
6. Raket proqramının daha sonrakı mərhələdə say və mənzil məhdudiyyətləri ilə müzakirəsi.
7. Nüvə proqramının yalnız mülki və müdafiə məqsədləri ilə məhdudlaşdırılması.
8. Mövcud nüvə imkanlarının inkişafının dayandırılması.
9. Uranın zənginləşdirilməsi imkanlarının genişləndirilməsinə qadağa.
10. İran ərazisində silah səviyyəli nüvə materialının istehsalına qadağa.
11. Bütün zənginləşdirilmiş materialın razılaşdırılmış qrafiklə MAQATE-yə təhvil verilməsi.
12. Natanz, İsfahan və Fordo obyektlərinin fəaliyyətinin dayandırılması (sıradan çıxarılması).
13. Beynəlxalq monitorinq və yoxlama mexanizmlərinin tətbiqi.
14. Planın mərhələli icrası və öhdəliklərə uyğun şəkildə həyata keçirilməsi.
15. Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmalarının əldə olunması.
İran hansı tələblərlə çıxış edib?
İranın Ali Milli Təhlükəsizlik Şurası isə atəşkəs elanından sonra danışıqlar üçün ilkin şərtlərini elan edib:
1. ABŞ, prinsipcə, İrana hücum etməyəcəyinə zəmanət verir;
2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid;
3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi;
4. İrana qarşı ilkin sanksiyaların ləğvi;
5. İrana qarşı ikinci dərəcəli sanksiyaların ləğvi;
6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi;
7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi;
8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi;
9.ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması;
10.Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması.
Göründüyü kimi, tərəflərin irəli sürdüyü şərtlər arasında biri-birinə tamamilə ziddi maddələr var. Xüsusilə də, nüvə və raket proqramı ilə bağlı ciddi fikir ayrılığının olduğu göz önündədir.
Tərəflər razılığa gəlmək üçün hansı tələblərdən imtina etməlidir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov mövcud tələblərlə tərəflərin razılığa gələcəyini düşünmədiyini bildirib:
“Danışıqlar ilk dəfə İranın təklif etdiyi 10 bəndlik plan əsasında aparılacaq. ABŞ-ın 15 bəndlik şərti isə müzakirə olunmur. Hər halda bu bəndlər də ola bilsin danışıqların gedişində ortaya çıxsın.
Ancaq əsas kimi İranın tələbləri götürülür. Danışıqların baş tutması və nəticə verməsi üçün əslində həm İranın 10, həm də ABŞ-ın 15 maddəlik planından imtina edilməlidir. Çünki Tehran Vaşinqtonun tələblərini qəbul etmir. ABŞ-ın da İranın tələblərini qəbul etməsi mümkün deyil.
Tehran təzminatın ödənilməsini, ABŞ-ın bir daha bu cür hadisələrə yol verməyəcəyinə təminat verməsini, Hörmüz boğazının öz nəzarətinə keçməsini tələb edir. Vaşinqton təbii ki, bunları qəbul etməyəcək. Çünki həmin tələblərin qəbulu ABŞ-ın məğlubiyyəti kimi qiymətləndiriləcək”.
Bu əsasda da həmsöhbətimiz danışıqların heç bir nəticə verməyəcəyi qənaətindədir:
“Ondan sonra necə olacağını yaxın günlər göstərəcək. Ancaq artıq bir şey aydındır. Tramp İran əməliyyatını keçirməklə həm özünə, həm də partiyasına sağalmaz yaralar vurdu. Onun sağalması üçün də uzun müddət tələb olunacaq”.
Rüfət Sultan, Bizim.Media































































































