Malayziya hökuməti qlobal enerji bazarındakı gərginlik və Yaxın Şərqdəki münaqişənin təsiri fonunda yeni qənaət tədbirlərinə başlayır.
Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib.
Belə ki, dövlət sektorunda çalışan əməkdaşlar bu ay evdən işləməyə keçəcəklər.
Baş nazirin sözlərinə görə, yeni qaydalar aprelin 15-dən qüvvəyə minəcək və nazirliklər, dövlət qurumları, eləcə də dövlətə bağlı şirkətlərin işçilərini əhatə edəcək.
Baş nazir qeyd edib ki, əsas məqsəd yanacaq istehlakını azaltmaq və enerji təchizatının davamlılığını təmin etməkdir. O əlavə edib ki, tədbirlərlə bağlı əlavə detallar yaxın günlərdə açıqlanacaq.
Hökumət həmçinin ölkənin dövlət neft şirkəti Petronas və digər qurumlarla birlikdə yanacaq və enerji təchizatını sabit saxlamaq üçün iş aparır.
Bununla yanaşı, rəsmi Kuala Lumpur enerji böhranı ilə bağlı internetdə yayılan dezinformasiyaya qarşı nəzarəti gücləndirəcək.
Qeyd edək ki, Malayziya hazırda yanacaq qiymətlərini aşağı səviyyədə saxlamaq üçün hər ay təxminən 1 milyard dollar subsidiya xərcləyir.
Bizim.Media



































































































