ABŞ-ın vitse prezidenti Co Bayden Ərdoğandan əsla üzr istəmədiyini bəyan edib.
Co Bayden "CNN"-ə müsahibəsində onun Türkiyə prezidentindən üzr istəməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Xatırladaq ki, Co Bayden ötən ay açıqlamasında təkfirçi "İŞİD" terror qruplaşmasına qoşulmaq üçün Türkiyə ərazisindən tranzit kimi istifadə edilməsini irəli sürmüşdü və qeyd etmişdi ki, Ərdoğan onun bu açıqlamasını təsdiqləyərək "Siz haqlıydınız" deyib. ABŞ rəsmisinin bu açıqlamasından sonra Türkiyə prezidenti bu xəbəri təkzib etmiş və Baydenə belə bir söz demədiyini bəyan etmişdi. "Əgər, Harvardda belə bir açıqlama edibsə onda Bayden mənim üçün öldü, üzr istəməlidir" - Ərdoğan məsələylə bağlı söyləmişdi.
Bundan sonra, Ağ Ev tərəfindən Co Baydenin açıqlamalarına görə rəsmi Ankaradan üzrxahlıq edilmişdi.
Lakin, dünən axşam CNN telekanalına müsahibə verən Co Bayden Ərdoğandan heç vaxt üzr istəmədiyini, bu mübahisədən sonra ona şəxsən zəng etdiyini və universitetdəki çıxışının təhrif edilərək Ərdoğana çatıdırılmasını qeyd edib.
Qeyd edək ki, bu ay Co Baydenin Türkiyəyə səfəri gözlənilir. Səfər çərçivəsində onun Ərdoğanla görüşü də nəzərdə tutulur. (interaz)

































































































