Ukrayna Silahlı Qüvvələrinin əsir götürdüyü rus hərbçi Sibirdə Çin kapitallarının təsirinin sürətlə artdığını və bölgənin iqtisadi baxımdan xarici şirkətlərdən asılı vəziyyətə düşdüyünü iddia edib.
Bizim.Media xəbər verir ki, “Rubej” briqadasının yaydığı videoda “Plyas” çağırış adlı əsir bildirir ki, onun doğulduğu Tomsk vilayətində, eləcə də Rusiyanın dərin bölgələrində işsizlik və sosial tənəzzül hökm sürür.
Onun sözlərinə görə, bir çox kənd və qəsəbələrdə məktəb, uşaq bağçası və digər sosial infrastruktur demək olar ki, sıradan çıxıb.
Əsir hərbçi deyib ki, Sibirdə iqtisadi fəallığın əsas hissəsi Çin şirkətlərinin fəaliyyəti ilə bağlıdır.
O, Kremlin xarici biznesə, xüsusilə də Çin şirkətlərinə təbii sərvətlərdən istifadə üçün geniş imkanlar yaratdığını iddia edib.
Onun sözlərinə görə, Çin şirkətləri tayqanı uzunmüddətli icarəyə götürərək meşələri qırır və ağac ehtiyatlarını ölkədən çıxarırlar.
“Bizdə çinlilər işləyirdi, mişar sexi var idi. Putin onlara tayqanı 50 il müddətinə icarəyə vermişdi. Meşələri qırır, özləri üçün tədarük görürdülər”, – deyə o bildirib.
Əsir iddia edib ki, Rusiyanın təbii sərvətləri kütləvi şəkildə xaricə daşınır. Onun sözlərinə görə, ağac materialları bəzən xam şəkildə vaqonlarla göndərilir, bəzən isə əvvəlcədən doğranaraq taxta halında ixrac olunur.
O həmçinin qeyd edib ki, bu müəssisələrdə yerli sakinlərin iş tapması da asan deyil.
İddiasına görə, əsas üstünlük miqrantlara verilir, rus vətəndaşları isə yalnız boş yerlər qalarsa işə götürülür.
“Oraya özbəkləri də yığırlar – altı ay işləyib dəyişirlər. Yer qalsa, onda rusları götürürlər”, – deyə əsir söyləyib.
Bununla belə, o vurğulayıb ki, bir çox şəhər və qəsəbələr üçün məhz Çin biznesi yeganə iqtisadi dayaq rolunu oynayır.
“Onlar olmasaydı, şəhər tamam məhv olardı”, – deyə o əlavə edib.
Əsir hərbçinin fikrincə, Sibirdə Çin təsirindən asılılıq getdikcə güclənir, əhalinin həyat səviyyəsi isə aşağı düşməkdə davam edir.
Mətnin sonunda qeyd olunur ki, daha əvvəl də Ukrayna tərəfi müxtəlif əsir rus hərbçilərin etiraflarını yayıb.
Onlardan biri ailəsinə zəng etmək imkanı qazansa da, anasının onunla danışmaq istəmədiyi bildirilmişdi.
Başqa bir əsir isə həyatını xilas etmək üçün könüllü şəkildə Ukrayna qüvvələrinə təslim olduğunu demişdi.
Bizim.Media





































































































