Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb. Məlumata görə, hadisə martın 23-də baş verib və təyyarədə 110 hərbçi olub.
Bizim.Media xəbər verir ki, yerli və beynəlxalq mənbələrin yaydığı məlumata əsasən, qəzaya uğrayan hava gəmisi Lockheed Martin C-130 Hercules tipli hərbi təyyarədir.
Kolumbiyanın müdafiə naziri Pedro Sançes bildirib ki, qəza təyyarə Puerto Leqisamo hava limanından havaya qalxarkən baş verib. Bu ərazi ölkənin cənubundakı Putumayo bölgəsində, Peru sərhədinə yaxın Amazon zonasında yerləşir.
Müdafiə Nazirliyi hadisəni “faciəli qəza” kimi qiymətləndirib. Hazırda ölən və yaralananların dəqiq sayı açıqlanmayıb. Rəsmi qurumlar bildiriblər ki, qəzanın səbəbi və qurbanların dəqiq sayı ilə bağlı araşdırma davam edir.
Yerli BluRadio-nun məlumatına görə, təyyarə yaşayış məntəqəsindən təxminən 3 kilometr məsafədə qəzaya uğrayıb. Hadisə yerindən yayılan kadrlarda qara tüstünün yüksəldiyi görünür, əraziyə xilasetmə və hərbi qruplar cəlb olunub.
Hadisə ilə bağlı əlavə rəsmi məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Bizim.Media































































































