Kuba ABŞ-ın mümkün siyasi dəyişikliklərlə bağlı mesajlarına kəskin reaksiya verərək, sanksiyalarla bağlı müzakirələr zamanı belə hakimiyyət məsələsinin heç bir danışıqlar mövzusu olmadığını bildirib. Kuba ölkənin siyasi sistemində və ya rəhbərliyində dəyişikliklərlə bağlı ABŞ ilə heç bir danışıqlardan imtina edir.
Bizim.Media xəbər verir ki, bu barədə Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio bildirib.
Onun sözlərinə görə, prezident də daxil olmaqla, hakimiyyət məsələsi Vaşinqtonla dialoq mövzusu ola bilməz. Eyni zamanda, Havana ABŞ ilə danışıqların hələ də davam etdiyini, lakin yalnız iqtisadi məsələlər, xüsusən də ticarət və maliyyə iddiaları ilə bağlı olduğunu təsdiqləyib.
Bu açıqlama Donald Tramp administrasiyasının ölkədə siyasi dəyişikliklər müqabilində Kubaya qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirdiyi barədə xəbərlər fonunda gəlib.
Havana qeyd edib ki, dialoq yalnız praktik məsələlərdə mümkündür, lakin dövlətin siyasi kursu yenidən nəzərdən keçirilə bilməz. Bu fonda ABŞ ritorikası sərt olaraq qalır. Çünki Tramp əvvəllər Kubanın böhran içində olduğunu və təzyiq altında güzəştlər edə biləcəyini bildirmişdi.
Qeyd edək ki, ABŞ-ın Venesuelaya müdaxiləsindən və adanın əsas neft tədarükçüsü Nikolas Maduronun həbsindən sonra ABŞ-ın Havanaya təzyiqi kəskin şəkildə artdı. 2026-cı ilin yanvar ayının sonlarında Donald Tramp administrasiyası Venesuela neft tədarükünü dayandıraraq və digər potensial tədarükçülərə tariflər tətbiq etməklə hədə-qorxu gələrək sərt blokada tətbiq etdi.
Əvvəllər bildirilirdi ki, bu qərar Kubanın köhnəlmiş elektrik şəbəkəsini iflic edib. 16 mart, bazar ertəsi günü ölkənin elektrik şəbəkəsi tamamilə dağılıb və təxminən 10 milyon insan tam qaranlıqda qalıb.
Yanacaq və enerji çatışmazlığı səbəbindən hakimiyyət məktəbləri və universitetləri bağlamağa, ictimai nəqliyyatı məhdudlaşdırmağa məcbur olub və şəhər küçələrində zibil təbələri çoxalmağa başlayıb.
Surxay Atakişiyev, Bizim.Media

































































































