Hazırda İranın ABŞ və İsraillə silahlı münaqişəsinin dayandırılmasına yönəlmiş hər hansı konkret təşəbbüs mövcud deyil.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed” nəşrinə müsahibəsində bildirib.
“Hazırda müharibənin başa çatdırılması üçün konkret təşəbbüs irəli sürülməyib. Bununla belə, münaqişənin ədalətli şəkildə sona çatmasına gətirib çıxaracaq istənilən regional təşəbbüsü alqışlayacağıq”, — Ərakçi deyib.
İran XİN başçısının sözlərinə görə, müharibənin başa çatması iki əsas şərtdən asılı olacaq: hücumların təkrarlanmayacağına zəmanət verilməsi və münaqişə zamanı vurulan ziyana görə kompensasiyanın ödənilməsi.
Əraqçi ərəb qəzetinə müsahibəsində bildirib ki, Tehran region ölkələri ilə birlikdə bölgədəki obyektlərə hücumların araşdırılması üçün birgə istintaq komissiyası yaratmağa hazırdır. O iddia edib ki, İranın hücumları yalnız regiondakı ABŞ bazaları və maraqlarına qarşı yönəlib, Tehran qonşu ölkələrdə mülki və ya yaşayış məntəqələrinə zərbələr endirməyib.
Onun ehtimalına görə, ərəb ölkələrində mülki obyektlərə hücumların arxasında İsrail dayana bilər.
Əraqçi hesab edir ki, bunun məqsədi həmin dövlətlərlə İran arasında münasibətləri korlamaqdır.
Nazir həmçinin bildirib ki, ABŞ İranın “Shahed” sisteminə bənzər, Lucas adlı pilotsuz aparat hazırlayıb və onun sözlərinə görə, bu aparat ərəb ölkələrindəki hədəflərə zərbələr endirmək üçün istifadə olunub.
Əraqçi əlavə edib ki, əgər İranın enerji infrastrukturu hücuma məruz qalarsa, Tehran regiondakı Amerika şirkətlərinin obyektlərinə cavab zərbələri endirəcək.
İran xarici işlər naziri eyni zamanda yeni ali lider Müctəba Xameneinin sağlamlıq vəziyyətinin “yaxşı” olduğunu və onun İslam Respublikasında vəziyyətə tam nəzarət etdiyini bildirib.
“İnqilab rəhbəri yaxşı sağlamlıq vəziyyətindədir və situasiyanı tam şəkildə idarə edir”, — deyə Əraqçi vurğulayıb. Onun sözlərinə görə, “İranda vəziyyət sabitdir, dövlət institutlarında və ya orduda heç bir parçalanma yoxdur.”
Bizim.Media































































































