ABŞ prezidenti Donald Trump bildirib ki, hərbi qarşıdurma daha da kəskinləşərsə, ABŞ İranın enerji sisteminə zərbə endirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığında yerləşən Joint Base Andrews hərbi bazasında jurnalistlərlə söhbəti zamanı danışıb.
Tramp Ohayo və Kentukki ştatlarına səfərdən qayıdarkən verdiyi açıqlamada qeyd edib ki, ABŞ lazım gələrsə İranın enerji infrastrukturunu qısa müddətdə sıradan çıxarmaq imkanına malikdir.
“Biz Tehranın müxtəlif bölgələrinə və digər obyektlərə zərbə endirə bilərik. Əgər belə bir şey baş versə, onların ölkəni bərpa etməsi demək olar ki, mümkün olmayacaq. Amma biz bunu istəmirik”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton istəsə, İranın elektrik enerji sistemini təxminən bir saat ərzində sıradan çıxara bilər.
Onun sözlərinə görə, belə bir zərbədən sonra İranın enerji infrastrukturunu bərpa etməsi təxminən 25 il çəkə bilər.
Açıqlama Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda səsləndirilib və regionda mümkün eskalasiyaya dair narahatlıqları yenidən gündəmə gətirib.
Bizim.Media






























































































