Böyük Britaniyada yeni funt sterlinq əskinaslarının dizaynında dəyişiklik edilə bilər. Məlumata görə, gələcəkdə banknotlarda tarixi şəxsiyyətlərin əvəzinə ölkənin vəhşi təbiətini əks etdirən heyvanların təsvirləri yer ala bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bank of England-a yaxın mənbələr yayıb.
Bildirilir ki, yeni banknotlarda indiyədək təsvir olunan məşhur tarixi simalar — o cümlədən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin və yazıçı Jane Austen əvəzinə ölkədə yaşayan vəhşi heyvanların təsvirləri istifadə oluna bilər.
Mənbələrin sözlərinə görə, bu qərar ictimai rəy sorğusunun nəticələrinə əsaslanır. Sorğuda iştirak edənlərin əksəriyyəti banknotların dizaynında təbiət mövzusunun üstün tutulmasını istəyib. Tarixi şəxsiyyətlər isə seçimlər arasında yalnız üçüncü yerdə qərarlaşıb.
Planlaşdırılan dəyişikliklər artıq müəyyən müzakirələrə səbəb olub. Bəzi siyasətçilər milli simvolların banknotlardan çıxarılmasını tənqid ediblər.
Bank of England isə bildirib ki, məqsəd Britaniyanı simvolizə edən və cəmiyyətdə fikir ayrılığı yaratmayan təsvirlər seçməkdir. Yeni dizaynlarda kirpilər, porsuq kimi vəhşi heyvanların təsvirlərinin yer ala biləcəyi qeyd olunur.
Bizim.Media






























































































