ABŞ prezidenti Donald Tramp İranın yeni ali dini lideri seçilən Müctəba Xamenei ilə bağlı tənqidi açıqlama verib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
ABŞ prezidenti bildirib ki, Xameneinin İranın ali lideri seçilməsindən narazıdır.
“Onun sülh şəraitində yaşaya biləcəyinə inanmıram”, — deyə Tramp qeyd edib.
Tramp həmçinin ABŞ-ın həyata keçirdiyi “Epik qəzəb” adlı hərbi əməliyyatın gözləntiləri üstələdiyini bildirib.
Onun sözlərinə görə, əməliyyatın ilk mərhələsində İranın raket arsenalına ciddi zərbə vurulub.
“Biz onları ilk hücumla vuranda raketlərinin 50 faizini məhv etdik. Əgər bunu etməsəydik, mübarizə daha çətin olardı”, — deyə ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, Vaşinqton hücumu daha gec həyata keçirsəydi, İranın ilk zərbəni endirməsi mümkün idi.
ABŞ prezidenti İranın hərbi əməliyyatlara reaksiyasını da tənqid edib. Onun sözlərinə görə, Tehran hücumlara cavab olaraq onlara qarşı çıxmayan bəzi ölkələri də hədəfə alıb.
“Məni ən çox təəccübləndirən odur ki, onlar onlara hücum etməyən ölkələrə də zərbə endirdilər”, — deyə Tramp vurğulayıb.
Trampın bu açıqlaması İranın yeni rəhbərliyi və regiondakı gərginlik fonunda səsləndirilib.
Bizim.Media































































































