Avstraliyanın xarici işlər naziri Penny Vong bildirib ki, ölkəsi ABŞ və İsrail ilə İran arasında davam edən münaqişə fonunda Yaxın Şərqdə İranın cavab zərbələrindən zərər çəkən ölkələrə hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirir, lakin bölgəyə əsgər göndərmək planı yoxdur.
Bizim.Media xəbər verir ki, nazir bu barədə ABC News-un “Insiders” proqramında danışıb.
Onun sözlərinə görə, İranın hücumlarından təsirlənən bəzi ölkələr pilotsuz uçuş aparatları və raket zərbələrinə qarşı müdafiə üçün Avstraliyadan dəstək istəyib.
Penny Vong qeyd edib ki, münaqişənin tərəfi olmayan bir sıra ölkələr də İran tərəfindən hədəfə alınıb və buna görə onlardan yardım tələbi gəlməsi gözlənilən haldır. Nazir bildirib ki, Avstraliya hökuməti bu müraciətləri qiymətləndirəcək.
O, mümkün hərbi yardımın detalları barədə məlumat verməsə də vurğulayıb ki, Avstraliya İran əleyhinə hücum xarakterli hərbi əməliyyatlarda iştirak etməyəcək.
Vong əlavə edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə dəstək vermək Avstraliyanın milli maraqlarına uyğundur, lakin bu addımlar bölgəyə hərbi qüvvə göndərilməsini nəzərdə tutmur.
Nazir həmçinin bildirib ki, ölkənin gələcəyi və siyasi sistemi barədə qərarı İran xalqı verməlidir. Onun sözlərinə görə, hər hansı rejim dəyişikliyi yalnız xalqın dəstəyi ilə mümkün ola bilər.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.
İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur isə ABŞ-İsrail hücumları nəticəsində 926 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bizim.Media































































































