Hörmüz boğazında yaranan gərginlik qlobal enerji tədarükü və ekologiya üçün ciddi risklər yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə Der Spiegel nəşri yazıb.
Bildirilir ki, Fars körfəzini Hind okeanı ilə birləşdirən və körfəzdən yeganə çıxış yolu hesab olunan bu dar keçid İran rejimi üçün mühüm təsir alətinə çevrilib.
Dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən beşdə biri məhz bu boğazdan keçir. Eyni zamanda sənaye malları daşıyan çoxsaylı yük gəmiləri də bu marşrutdan istifadə edir.
İranın blokada elan etməsindən sonra yüzlərlə gəmi neft və mayeləşdirilmiş qaz yüklərini daşımaq üçün növbə gözləyir. Analitiklərin fikrincə, blokada enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətinin artmasına səbəb olur. Bu artım xüsusilə Almaniya kimi istehlakçı ölkələrdə hiss olunur.
Ekoloji risklər artır
Ekoloqlar xəbərdarlıq edirlər ki, tanker gəmilərinə hücumlar davam edərsə, dənizə neft və zəhərli kimyəvi maddələrin sızması mümkündür. Böyük neft ləkəsinin yaranması isə zaman məsələsi ola bilər.
Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi İdarəsinin məlumatına görə, cümə axşamı səhər saatlarında İraq və Küveyt sahilləri yaxınlığında ABŞ-a məxsus neft tankerində partlayış baş verib. Gəminin boş olması səbəbindən hadisə ekoloji fəsadlara gətirib çıxarmayıb.
Buna baxmayaraq, İranın digər gəmilərə hücumları davam edir. Eyni zamanda neft emalı zavodları və boru kəmərləri də risk altındadır.
Ekspertlər qeyd edirlər ki, hətta yüklənməmiş tankerə zərər dəysə belə, dənizə müxtəlif çirkləndirici maddələr yayıla bilər. Bunlara neft qalıqları, yanacaq, ağır metallar, dioksinlər və onilliklərlə təbiətdə qala bilən kimyəvi maddələr daxildir. Mütəxəssislərin fikrincə, regionda ekoloji ziyanın real miqyasını qiymətləndirmək çətindir.
Bizim.Media





























































































