Rusiya Müdafiə Nazirliyində ordu üçün keyfiyyətsiz geyim forması ilə bağlı qalmaqal baş verib.
"Geyim formasının tikilişi, biçimi və istilik izolyasiyası tələblərə uyğun gəlməyib..."
"Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə Maliyyə Təminatı İdarəsinin rəisi ölü tapılıb..."
Rusiya Müdafiə Nazirliyində Rusiya Federasiyası ordusu üçün geyim formasının tikilməsi ilə bağlı qalmaqal baş verib, nəticədə eyni zamanda üç general vəzifələrini itirib.
Moderator.az xəbər verir ki, bu barədə "Vyorstka" portalı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyini hiddətləndirən əsgərlər, o cümlədən Ukraynada müharibədə iştirak edən əsgərlər üçün geyim formasının keyfiyyəti olub.
Nəşr məlumat verir ki, bir ay öncə, yanvarın 19-da Müdafiə Nazirliyində nazir Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun iştirakı ilə müşavirə keçirilib. Onlar geyim formasının biçimi və tikişlərini, istilik izolyasiyası tələblərinə uyğun gəlməməsini tənqid ediblər.
Şoyqu və Gerasimovun narazılığı o qədər böyük olub ki, onlar elə müşavirədəcə arxa cəbhə üzrə üç generalı işdən çıxarıb. Həmçinin nazirlik keyfiyyətsiz geyim forması tikən istehsalçıların xidmətlərindən imtina edib.
Əvəzində artıq fevralda nazirlik hansısa "OKB Qaydarika" şirkətilə müqavilə bağlayıb. Bu, yenidən qalmaqala səbəb olub, çünki heç kimə məlum olmayan firmanın rəhbərinin Rusiya Federal Əmlak İdarəsi rəhbərinin müavininin 22 yaşlı oğlu Artyom Stepanenko olduğu aşkar edilib, onun tikdiyi forma isə əvvəlkindən orta hesabla 4 dəfə baha olub.
"Moscow times" qəzeti qeyd edir ki, nazirliyin qadın məmurunun dünənki intiharı bilavasitə bu qalmaqaldan sonra baş verib. Nəşr Marina Yankinanın ölümünü nazirlikdəki korrupsiya ilə əlaqələndirmir, lakin daxili çəkişmələr fonunda maliyyəni idarə edənin həlak olması şübhəli görünür.
Xəbər verildiyi kimi, Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə Maliyyə Təminatı İdarəsinin rəisi Marina Yankina Sank-Peterburqda ölü tapılıb. Mərhum normativ-metodiki idarəyə və iri kontragentlərlə iş üzrə idarəyə kuratorluq edib.
Qadının cəsədi Kalinin rayonununda çoxmərtəbəli binanın pəncərələri altında aşkar edilib. İlkin məlumata görə, 58 yaşlı Marina Yankina bu evdə yaşayıb. O, hündürlükdən yıxılması nəticəsində aldığı xəsarətlərdən həlak olub. Əsas versiya intihardır. İstintaq Komitəsi baş vermiş hadisəni hələlik şərh etməyib.
Bundan öncə Marina Yankina Federal Vergi Xidmətində işləyib. O, həmçinin Sankt-Peterburq meriyasının əmlak münasibətləri komitəsinin sədr müavini olub.

































































































