Hazırda dünyanın diqqətinin İrana yönəlməsi fonunda Ukrayna müharibəsində vəziyyət Kiyevin xeyrinə dəyişməyə başlayıb. İlon Maska məxsus “Starlink”lərin fevralın əvvəlindən başlayaraq, Rusiya üçün söndürülməsindən sonra Ukrayna ardıcıl olaraq bir sıra yaşayış məntəqələrini azad etməyə nail olub.
Xüsusən də, Dnepr və Zaporejye vilayətləri istiqamətində olan bir sıra yaşayış məntəqələri azad edilib. Eyni zamanda, peyk rabitə sistemindən məhrum olan rus ordusunun hücumları da əsasən dayandırılıb.
Mövcud situasiya nədən xəbər verir və onun doğura biləcəyi nəticələr nə ola bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, hazırda ABŞ və Avropanın nəzərləri İrana yönəldiyindən Ukraynaya diqqət arxa plana keçib:
“Rusiya Ukrayna ərazisində müharibə apararkən onun istifadəsində olan “Starlink”lərdən istifadə edirdi. Sonradan bunun qarşısını bir müddət almaq mümkün oldu və Ukrayna müəyyən əraziləri azad edə bildi. Hazırda müharibə qarşılıqlı uğur və uğursuzluqlarla davam edir. Bəzi ərazilərdə Rusiya irəliləyir, bəzi ərazilərdə isə Ukrayna müəyyən yaşayış məntəqələrini azad edir. ABŞ indi bütün diqqətini İrana yönəldib və yaxın 3-4 həftədə öz məqsədinə nail olmağa çalışır. Bu fonda ABŞ-ın silahlarla, xüsusən də raketlərlə bağlı müəyyən problemləri yaranıb”.
Həmsöhbətimizin fikrincə, yaxın bir ayda, ola bilsin, daha uzun müddətdə ABŞ-ın Ukraynaya silah satmaq imkanı olmayacaq və Kiyev üçün çətinliklər yaşanacaq:
“İrana qarşı müharibədə Avropa da Amerikaya kömək edir. Bu səbəbdən ola bilsin “köhnə qitə”nin də Kiyevə silah verməsində çətinlik yaşansın. Nəticədə Ukrayna bir müddət silah məsələsində problemlərlə üzləşə bilər. Bu səbəbdən Ukraynanın yeni ərazilər azad etməsi və Rusiyanın hansısa razılığa gəlmək məcburiyyətində qalması mümkün olmayacaq. Ümumiyyətlə, Kiyev o qədər də ciddi uğurlara nail ola bilməyib ki, Moskvanı nəyəsə məcbur etmək mümkün olsun. Nail olması da çətindir. Çünki Rusiya müharibədə əlavə silah və canlı qüvvə cəlb etməyə çalışır”.
Ekspert qeyd edib ki, Rusiyanı ümumiyyətlə müəyyən sülh razılaşmasına məcbur etmək üçün, Ukrayna ən azından 2022-ci ildə apardığı uğurlu əks-hücum əməliyyatına yaxın bir əməliyyata nail olmalıdır:
“5-10 kəndin azad olunması ilə Rusiyanı nəyəsə məcbur etmək mümkün deyil”.
Rüfət Sultan, Bizim.Media, Biizm.Media






























































































