Kolumbiya hakimiyyəti Medelyin–Mayami marşrutu üzrə uçuş həyata keçirən “American Airlines” aviaşirkətinə məxsus təyyarənin gövdəsində güllə izlərinin aşkarlanmasından sonra araşdırmaya başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Rəsmi şəxslərin bildirdiyinə görə, xəsarət alan yoxdur. İlkin araşdırma göstərir ki, təyyarə bazar günü Medelyində eniş edərkən atəşə tutulub. Aviaşirkət bəyan edib ki, təyyarə Mayamiyə qayıtdıqdan sonra planlı texniki baxış zamanı onun xarici hissəsində “deşilmə” aşkarlanıb.
“Əlavə yoxlama və təmir üçün təyyarə dərhal istismardan çıxarılıb. Bu insidentin araşdırılması məqsədilə bütün aidiyyəti qurumlarla sıx əməkdaşlıq edəcəyik”, – deyə şirkətin ABC News-a təqdim etdiyi açıqlamada bildirilir.
Hakimiyyət orqanları hadisənin arxasında cinayətkar qruplaşmanın dayanması versiyasını da nəzərdən keçirir. Lakin hələlik yekun nəticə açıqlanmayıb.
Bizim.Media
































































































