Böyük Britaniyanın sabiq baş naziri Boris Conson hazırkı mərhələdə Rusiya–Ukrayna müharibəsində real sülh perspektivləri görmədiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri Viktor Pinçuk Fondunun təşkil etdiyi YES xüsusi görüşündə – Rusiyanın genişmiqyaslı işğalının dördüncü ildönümünə həsr olunmuş tədbirdə səsləndirib.
Consonun sözlərinə görə, “sülh danışıqları” masasının bir tərəfində Rusiya Prezidenti Vladimir Putin əyləşib və o, dəfələrlə həqiqi sülhə can atmaq niyyətində olmadığını nümayiş etdirib.
“Bütün bunların real olduğuna dair heç bir sübut yoxdur. Təklif olunan bəzi planlar hələlik sadəcə abstrakt mülahizələr toplusuna bənzəyir. Mən isə hesab etmirəm ki, hazırda sülhə nail olmaq üçün real şans var”, – deyə o bildirib.
Keçmiş baş nazir əlavə edib ki, Ukraynanın müttəfiqləri bu gün Putinə qarşı tətbiq olunmalı təzyiqin təxminən onda birini həyata keçirirlər. Onun fikrincə, Rusiya liderini danışıqlar masasına ciddi şəkildə əyləşməyə məcbur etmək üçün daha güclü təzyiq lazımdır.
Conson həmçinin müharibə başa çatdıqdan sonra Ukrayna ərazisində Avropa ölkələrinin döyüş funksiyası olmayan hərbi kontingent yerləşdirməsinin əsasən simvolik məna daşıyacağını qeyd edib:
“Bu, Ukraynaya, dünyaya və yəqin ki, Putinə göstərir ki, biz inanırıq: Ukrayna artıq indi və gələcəkdə Qərbin təhlükəsizlik arxitekturasının bir hissəsidir”.
Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, Rusiya prezidentinə “məğlub olduğunu və bununla barışmalı olduğunu” anlamaq qalacaq.
Conson əlavə edib ki, son dörd ilin dərsi budur: Qərb daha qətiyyətli və genişmiqyaslı addımlar atdıqca Ukrayna qazanır, Putin isə uduzur. Əksinə, tərəddüd və qərarsızlıq Ukraynanın mövqeyini zəiflədir. Bu səbəbdən, sabiq baş nazirin fikrincə, “belə bir riski qəbul etməkdə pis heç nə yoxdur”.
Bizim.Media
































































































