Zelenski Putini “pis aktyor” ADLANDIRDI: “Öz məqsədlərinə nail olmadı”

Hazırda oxunan: Zelenski Putini “pis aktyor” ADLANDIRDI: “Öz məqsədlərinə nail olmadı”

598096

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinin özünü inandırıcı göstərməyə çalışdığını, lakin əslində “pis aktyor” olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, o, bu fikirləri Rusiya ilə müharibənin başlanmasının dördüncü ildönümü münasibətilə yayımladığı xüsusi müraciətdə səsləndirib.

“İşğalın başlanğıcına və bugünkü günə baxaraq tam haqqımız var deyək ki, biz müstəqilliyimizi qoruduq, dövlətçiliyimizi itirmədik, Putin öz məqsədlərinə nail olmadı”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri 24 fevral 2022-ci ili “həyatımızın ən uzun günü” adlandırıb.

“Müharibənin ilk gününü keçdik. Həyatımızın ən uzun günü. Sonra daha bir gün. Və daha bir gün. Sonra bir həftə. İki həftə. Daha sonra bir ay. Və biz baharı gördük”, – deyə o bildirib.

Zelenski həmin dövrdə geniş yayılan bir ifadəni də xatırladıb: “Sən düşünürsən ki, mən diz çökdüm? Mən sadəcə çəkməmin bağını bağlayırdım”.

Prezident qeyd edib ki, Rusiya ilə müharibə “sonun başlanğıcı” mərhələsindədir, lakin Qərbi Kremlin danışıqlarla bağlı siqnallarına aldanmamağa çağırıb. Onun sözlərinə görə, təhlükəsizliklə bağlı aydın və hüquqi cəhətdən məcburi zəmanətlər olmadan atəşkəs Moskvaya qüvvələrini toparlamaq və yeni hücum üçün vaxt qazanmaq imkanı verə bilər.

“Rusiya və Ukrayna İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük münaqişənin sonunun başlanğıcındadır... Onlar oyun oynayırlar... Putin düşünür ki, inandırıcı görünür. Xeyr, o pis aktyordur”, – deyə Zelenski bildirib.

O vurğulayıb ki, təhlükəsizlik öhdəlikləri olmadan fasilə təhlükəlidir və Rusiyanın güc toplamasına şərait yarada bilər.

“Bizə pauza lazım deyil. Bizə müharibənin sonu lazımdır”, – deyə Ukrayna prezidenti qeyd edib.

Zelenskinin sözlərinə görə, Moskva Donald Trampla təmaslardan Ukraynanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışır və Vaşinqtonun Kiyevə təzyiqi Moskvaya olan təzyiqdən daha çoxdur.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya tərəfi ABŞ-a 12 trilyon dollara qədər iqtisadi əməkdaşlıq paketi təklif edib və bu paketdə işğal olunmuş Ukrayna ərazilərindəki resurslardan istifadə ilə bağlı müddəalar yer alıb.

Zelenski Donbasın verilməsinin münaqişəni bitirə biləcəyi ilə bağlı fərziyyəni rədd edib.

“Mən inanmıram ki, Rusiyanın istədiyi yalnız budur... Onlara etibar etmək olmaz”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, Rusiya aylıq təxminən 40 min hərbçi səfərbər edir və 35 min itki verir. 2025-ci ildə Rusiya ordusunun hər bir kilometr irəliləyişi orta hesabla 167 hərbçiyə başa gəlib.

Zelenski həmçinin Ukraynanın FP-5 “Flaminqo” qanadlı raketlərinin Rusiyanın dərinliklərində yerləşən iri raket zavodunu vurduğunu təsdiqləyib. O, Rusiya hava hücumundan müdafiə sistemlərini yarmağa qadir yeni raketlərin kütləvi istehsalına yaxın olduqlarını da qeyd edib.

Prezident ABŞ-ı Kremlə təzyiqləri artırmağa, “kölgə donanmasını” dayandırmağa, enerji ixracını və sanksiyalardan yayınma sxemlərini bloklamağa çağırıb.

“Ümid edirəm ki, ABŞ Rusiyaya təzyiq göstərəcək və Putini dayandıracaq”, – deyə Zelenski bildirib.

O, Avropa İttifaqını Ukraynanın üzvlüyü üçün konkret tarix müəyyənləşdirməyə, 2027-ci ili hədəf kimi göstərməyə çağırıb ki, proses illərlə uzadılmasın.

Zelenski vurğulayıb ki, Ukraynanın əsas ümidi onun vətəndaşları, ordusu və müdafiə sənayesidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin