Məlum olduğu kimi, Meksika ordusunun “Xalisko Yeni Nəsil Karteli”nin (CJNG) lideri, “El Menço” ləqəbli Nemesio Ruben Oseguera Servantesi xüsusi əməliyyatla məhv etməsi ölkəni son onilliyin ən ağır təhlükəsizlik böhranı ilə üz-üzə qoyub.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat rəsmiləşdikdən dərhal sonra Meksikanın bir çox strateji əyalətlərində genişmiqyaslı zorakılıq dalğası baş qaldırıb.
Kartel üzvləri orduya və mülki əhaliyə təzyiq göstərmək üçün magistral yollarda yük maşınlarını yandıraraq barrikadalar qurub, dövlət binalarına atəş açıblar.
Bir çox şəhərlərdə ticarət mərkəzləri və məktəblər bağlanıb, xarici dövlətlər öz vətəndaşlarına “evdən çıxmayın” xəbərdarlığı edib.

Tarlalardan polisliyə, oradan isə narkotik imperatorluğuna...
“El Menço”nun həyat yolu dramatik və qanlı dönüşlərlə zəngindir. 1966-cı ildə Miçoakanın Aqililla şəhərində, yoxsul bir ailədə doğulan Nemesio uşaqlığını avokado tarlalarında işləyərək keçirib. Gənc yaşlarında ABŞ-yə mühacirət etsə də, 1992-ci ildə heroin qaçaqmalçılığına görə həbs olunaraq üç il həbsxanada yatıb və sonra Meksikaya deportasiya edilib.
Maraqlıdır ki, o, vətəninə döndükdən sonra bir müddət polis məmuru kimi çalışıb. Lakin çox keçmədən cinayət aləminə daxil olaraq “Milenio” kartelinə qoşulub və “El Çapo”nun rəhbərlik etdiyi “Sinaloa” karteli ilə müttəfiqlik edib. 2010-cu illərin əvvəllərində öz qruplaşmasını – CJNG-ni quran “El Menço” qısa zamanda Meksikanın ən sürətlə böyüyən və ən qəddar cinayətkar şəbəkəsinin rəhbərinə çevrilib.

“El Menço”nu digərlərindən fərqləndirən əsas cəhət onun dövlət qurumlarına qarşı aqressiyası idi. O, ordunun helikopterlərini tank əleyhinə raketlərlə vuran, dronlar vasitəsilə polis məntəqələrinə partlayıcılar atan ilk liderlərdən biri idi.
2020-ci ildə Mexiko şəhərinin polis rəisinə qarşı paytaxtın mərkəzində təşkil edilən qumbara hücumu onun gücünün nümayişi idi. Onun rəhbərliyi altında CJNG təkcə narkotik yox, həm də neft oğurluğu, insan alveri və silah ticarəti ilə məşğul olan qlobal bir korporasiyaya çevrilmişdi. ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) onu “terrorçu təşkilat” kimi tanımış və başına 15 milyon dollar mükafat qoymuşdu.

Varislik davası və “Sinaloa”nın revanşı
Analitiklər hesab edir ki, “El Menço”nun ölümü kartel daxilində “diktatorun süqutu” effektini yaradacaq. Çünki o, təşkilatı mərkəzləşdirilmiş və sərt intizamla idarə edirdi. O
nun yoxluğu kartelin fərqli qanadları arasında daxili müharibələrə yol aça bilər. Digər tərəfdən, əzəli rəqib “Sinaloa” bu fürsətdən istifadə edərək itirdiyi əraziləri geri qaytarmağa çalışacaq.
Hökumət isə ordunun hər an tammiqyaslı hücumlarla üzləşə biləcəyi ehtimalına qarşı ölkə boyu fövqəladə vəziyyət rejimini davam etdirir.


Bizim.Media

- A-
- A
- A+
Dünya
20:21 / 23.02.2026
Polis ikən narkobaron olan “El Menço” - Başına 15 milyon dollar qoyulmuşdu - FOTO
Hazırda oxunan: Polis ikən narkobaron olan “El Menço” - Başına 15 milyon dollar qoyulmuşdu - FOTO
Hazırda oxunan: Polis ikən narkobaron olan “El Menço” - Başına 15 milyon dollar qoyulmuşdu - FOTO
597908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































