Çin yeni ili və ya yaz festivalı ilə əlaqədar tətil dövründə gündəlik səyahət sayında yeni rekord qeydə alınıb.
Bizim.Media Çinin Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, fevralın 20-də ölkə üzrə fərdi avtomobillərlə və ictimai nəqliyyatla sərnişin səfərlərinin sayı 352 milyonu ötüb. Bu, gündəlik şəhərlərarası və əyalətlərarası səyahət sayına görə ötən il yaz festivalı dövründə qeydə alınmış rekord göstəricidən 12,3 faiz çoxdur.
Qeyd edək ki, Çində ay təqvimi üzrə yeni il bayramı ilə əlaqədar 40 günlük səyahət mövsümü dünyada ölkədaxili ən iri miqrasiya dövrü hesab olunur.
Nəqliyyat Nazirliyinin proqnozuna əsasən səyahət mövsümündə ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,5 milyard sərnişin səfəri reallaşacaq. Səfərlərin təxminən 80 faizi (7,6 milyard nəfər) fərdi avtomobillərlə, 540 milyonu qatarla, 95 milyon isə hava nəqliyyatı il reallaşacaq.
Hər üç nəqliyyat növü üzrə gündəlik rekord qeydə alınacağı gözlənilir. Yaz festivalı ailə vəhdəti bayramı hesab olunur.
Əhalinin böyük hissəsi, xüsusən də miqrant işçilər ailə üzvlərini ziyarət etməyə, habelə istirahət üçün digər bölgələrə səyahət edirlər. Elə bu səbəbdəndir ki, festival dövründə nəqliyyatda böyük sıxlıq müşahidə olunur.
Bizim.Media
































































































