Ukraynada hakimiyyət uğrunda mübarizənin başlanğıc simptomları artıq hiss olunur.
Bunu ən azından hazırkı Prezident Volodimir Zelenskiyə rəqib ola biləcək ölkənin Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnı və keçmiş Prezident Pyotr Poroşenkonun son açıqlamalarından aydın şəkildə görmək olar.
Belə ki, Zalujnı ilk dəfə olaraq açıq şəkildə Zelenski ilə münasibətlərindəki dərin uçurumdan danışıb.
Zalujnı Zelenski ilə münaqişəni müharibə aparma strategiyası ilə bağlı fikir ayrılıqları ilə izah edərək, bildirib ki, gərginlik 2022-ci ilin fevralında Rusiyanın silahlı işğalı başladıqdan qısa müddət sonra yaranıb.
2022-ci ilin sonlarında Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməkdaşlarının Zalujnının ofisində axtarış aparmaq cəhdi isə bu gərginliyi daha da artırıb. Sabiq baş komandanın dediyinə görə o, bunu təzyiq aktı kimi dəyərləndirərək, komanda məntəqəsini müdafiə etmək üçün hərbçiləri Kiyevin mərkəzinə çağıracağı ilə hədələyib.
Generalla Prezident arasında mübahisə Ukrayna ordusunun 2023-cü il əks-hücumunun planlaşdırılması zamanı da davam edib. Zalujnının iddiasına görə, onun Krıma gedən quru yolu kəsmək üçün Zaporojye bölgəsində Azov dənizinə çıxmaq üçün "birləşmiş yumruq" yaratmaq planı rədd edilib. Bunun əvəzinə, Zelenski və digər rəsmilər zəruri resursları ayırmayıb, qoşunları geniş cəbhə boyunca yayaraq zərbə gücünü zəiflədib və əməliyyatın uğursuzluğuna səbəb olublar.
Təxminən eyni anda, sabiq Prezident Pyotr Poroşenko da Zelenski əleyhinə açıqlama verib. Belə ki o, Prezidenti danışıqlarda yumşaqlıq nümayiş etdirməkdə günahlandırıb.
Onu da vurğulayaq ki, son rəy sorğularına görə, Zalujnı Zelenskini qabaqlayır. Belə ki, Zalujnını Ukraynadakı seçicilərin 23 faizi, Zelenskini isə 20 faizi dəstəkləyib.
Yaranmış vəziyyət Ukraynada hakimiyyət uğrunda münbarizənin alovlandığının göstəricisi sayıla bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, Zalujnının müsahibəsi onun prezident seçkiləri kampaniyasına qoşulması kimi qiymətləndirilməlidir:
“Ukraynada Prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Ukraynanın Böyük Britaniyadakı səfəri Valeri Zalujnının birdən-birə Zelenskini tənqid etməsi, onunla arasında olan ziddiyyətlərdən danışması təbii ki, heç də təsadüfi deyil. Aydın şəkildə görünür ki, Zalujnı prezident seçkilərində Zelenskinin əsas rəqibi olacaq. Rəy sorğularına görə də Zalujnı Zelenskiyə qalib gəlmək gücündə olan əsas namizəddir.
O, siyasi hədəflərinin olmadığını bəyan etsə də, aydındır ki, Zalujnının müsahibəsi onun prezident seçkiləri kampaniyasına qoşulması kimi qiymətləndirilməlidir. Əks halda, səfir anlamalıdır ki, verdiyi bu tip bəyanat onun öz vəzifəsindən uzaqlaşdırılması üçün əsas ola bilər. Ümumiyyətlə, səfir öz ölkəsinin dövlət başçısı haqqında belə bəyanatlar verə bilməz. Bunu edirsə, deməli vəzifəsindən uzaqlaşdırılmağa və prezidentlik uğrunda mübarizəyə qoşulmağa hazır olduğunu nümayiş etdirir”.
“Zalujnı ABŞ-dan dəstək alır”.
Ekspertin fikrincə, böyük ehtimalla cari ilin yayı və ya mayda keçiriləcək prezident seçkilərində Zelenskinin əsas rəqibi də məhz Zalujnı olacaq:
“O, Zelenskidən fərqli mövqe sərgiləyərək sülh sazişinin imzalanmasının zəruri və düzgün olduğunu dediyindən, onun ən azından ABŞ-dan güclü dəstək alacağı tamamilə mümkündür.
Belədə, güman ki, seçkilərin qalibi də məhz Zalujnı olacaq”.
Rüfət Sultan, Bizim.Media























































































