Məzhəbçilikdən PROKSİLƏRƏ: İran qlobal geosiyasətin “boz zonası”na necə ÇEVRİLDİ?

Hazırda oxunan: Məzhəbçilikdən PROKSİLƏRƏ: İran qlobal geosiyasətin “boz zonası”na necə ÇEVRİLDİ?

596794

Qlobal geosiyasətin “boz zonası”

Son zamanlar ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı müxtəlif versiyalar səslənir. Bu, təsadüfi deyil. İran faktiki olaraq qlobal geosiyasətin “boz zonası”nı xatırladır. Burada dünyanın böyük güclərinin maraqları toqquşur. Lakin daha önəmlisi odur ki, rəsmi Tehran təkbaşına ABŞ kimi qüdrətli bir dövlətə qarşı hərbi, informasiya, iqtisadi və energetik dirəniş göstərir. Bu qarşıdurma yalnız ABŞ ilə məhdudlaşmır – ixtilafın o biri tərəfində İsrail var. Məsələnin bu tərəfi daha dərində olan və uzun müddət zamanı əhatə etməsi ilə xarakterizə olunan faktorlarla bağlıdır. Onu aydınlaşdırmadan İran-İsrail-Amerika “ixtilaf üçbucağında” nələrin baş verdiyini adekvat dərk etmək perspektivli görünmür.

Ambisiyalı İslam Respublikası

1979-cu ildə şah rejiminə qarşı dini ideologiya əsasında başlanan inqilab qələbə ilə nəticələndi. Həmin vaxtdan İran özünün dünya miqyasında konkret siyasi və geosiyasi iddiaları olan dövlət kimi qəbul edilməyə başlandı. İranın həmin mövqeyini nümayiş etdirmək üçün İslam Respublikası kimi uzun müddət mövcud olmağa ehtiyacı yox idi. Çünki Xomeyninin başçılığı ilə iranlılar öncədən antiamerika mövqeyini tutmuşdular və ölkənin sərvətlərinin özlərinə məxsus olduğunu bəyan edirdilər. Ancaq bu, onların yalnız öz milli miqyasları ilə məhdudlaşması anlamına gəlmirdi. Yəni İİR bir dövlət olaraq ABŞ-nin geosiyasi, iqtisadi, hərbi və enerji maraqlarına daxil olmaq istəmirdi. Deməli, ABŞ-İran düşmənçiliyi təməldən ciddi xarakter daşıyırdı və bu, hardasa “partlamalı” idi.
 

Eyni zamanda, Tehranın başqa bir iddiası avtomatik olaraq, onu İsraillə qarşı-qarşıya qoyurdu. Bu, dini ambisiya idi. İran özünü İslam Respublikası kimi təqdim edirdisə, avtomatik olaraq dünyanın hər bir yerində müsəlmanları müdafiə, daha doğrusu onlara hamilik etməyi də öhdəsinə götürürdü. İsraillə əzəli qarşıdurmanın kökündə də bu ambisiya dayanır.

Reallıq  

Bütün bunların fonunda reallıqda baş verənlər İran, İsrail və ABŞ-nin fəaliyyətlərində ixtilafların yaranması təbii, lakin dərin təhlil tələb edən proses kimi görünür. İran hər şeydən öncə, səmimi olmadı, o, məzhəbçi mövqe tutdu və bütün dünya müsəlmanlarını özünün anladığı semantik çərçivədə “birləşdirməyə” girişdi. Greçəklikdə bu, birləşdirmək deyil, parçalamaq idi.
 

Məzhəb ayrı-seçkiliyi rəsmi Tehranın siyasi ideologiyasında o dərəcədə ifrata vardı ki, birincisi, ideya kimi müsəlmanları hər xırda şeylərdə belə bir-birindən ayrı saldı, ikincisi, İran müsəlman ölkələrində qarışıqlıq yaratmaq üçün ilk növbədə ifrat və radikal məzhəbçiliyi təşkilatlandıraraq daha böyük antimüsəlman mövqeyinə keçdi. İslam dövlətləri hələ də İranın bu bölücü və ayırıcı siyasi-ideoloji fəaliyyətinin nəticələrini aradan qaldıra bilməyiblər. Qəribədir ki, rəsmi Tehran hələ də bu böyük günah işindən əl çəkmək istəmir.


Bununla rəsmi Tehran özünü ikiqat ziddiyyətlər burulğanına atmış oldu. Bir tərəfdən, xarici siyasətdə ABŞ və İsraillə barışmaz düşmənçilik, digər tərəfdən isə əksər müsəlman dövlətlərinin İrandan üz döndərməsi. Ancaq bu çətin vəziyyətdə İran bir sıra İslam dövlətlərində özünün siyasi, ideoloji və hərbi təsirini artıra bildi. İraq, Suriya və Livan buna nümunədir. Ən çox təsir də məlum səbəblərdən hələ də İraqda hiss olunur.

Bütün bunların fonunda İranı həm İslam dünyasında, həm də dünya miqyasında çətin vəziyyətə salan konkret səbəblər də vardır.

İdeologiyadan “məzhəb proksiçiliyi”nə

Təcrübə göstərdi ki, İran mürəkkəb siyasi-diplomatik və hərbi-təxribatçı-pozucu gedişləri ilə ambisiyalarını həyata keçirmək xəttini seçmişdir. Buna nail olmaq üçün rəsmi Tehran malik olduğu qaz və neft sərvətlərindən maksimum yararlanıb dövlət kimi güclənməyə başladı. Əhalinin sosial vəziyyəti sürətlə yaxşılaşdı, iqtisadi güc yüksəldi, neft və qaz istehsalı sürətlə çoxaldı, milyardlar xəzinəyə axdı və bunların fonunda İran hərbi silahlanma imkanlarını xeyli genişləndirdi. Tədricən, nüvə silahı və ballistik raketlər istehsal etmək imkanı olan ölkə halına gəldi. Uranı zənginləşdirməklə bağlı atdığı addımlar bu baxımdan diqqətləri çox çəkdi və İrana qarşı koalisiya prosesi getdikcə daha gerçəkçi cizgilər almağa başladı.
 

Bu prosesin fonunda dünya dövlətlərini başqa bir gedişat da çox narahat etməkdədir. O, rəsmi Tehranın həssas dini mövzudan istifadə edərək müxtəlif ölkələrdə özünün ideoloji və qanunsuz silahlı hücrələrini yaratmaq prosesini davamlı dövlət siyasəti səviyyəsinə yüksəltməsi ilə əlaqəlidir. İran bu üsulla Yaxın Şərqdə (məsələn, İraq, Suriya, Livan, Yəmən və s.), Qafqazda (Azərbaycan və Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə) uğurlar əldə etdi. Hazırda həmin ölkələrdə İranın yetişdirdiyi “dini vətənpərvərlər” dövlətçiliyin əsas baş ağrılarından biri olaraq qalmaqdadır. İranın yaratdığı çoxsaylı ideoloji-hərbi proksiləri sırasında indi ən çox seçiləni “Hizbullah”dır.

 

İraqda bununla yanaşı, “Həşd əş-Şaabi” nüfuz sahibidir. Azərbaycan uçub vurğulanan silahlı qruplaşmalarla yanaşı, “Hüseyniyyun” adlanan qrup da risk və təhdiddir.

İrana bir müddət siyasi, ideoloji, geosiyasi və hrbi üstünlük qazandıran bu qanunsuz fəaliyyətin sonu necə görünür? İndi həmin proseslərin dünyada yaratdığı İran obrazına qısa nəzər salaq.

Geosiyasi qarışıqlıq mənbəyi

İndi İranı regionda geosiyasi qarışıqlıq mənbəyi kimi təqdim edirlər. Rəsmi Tehranın bir qayda olaraq regionda müsbət geosiyasi tendensiyaları pozmaq səylərini ideoloji, diplomatik və maliyyə cəhətdən dəstəklədiyindən bəhs edirlər.

Hesab olunur ki, İran Yaxın Şərq münaqişəsində əsas iştirakçılardan biridir. Ərəb ölkələrindən fərqli olaraq molla-fars rejimi daima İsraili və onunla əlaqə quran hər bir dövləti hədələyir. Hətta İsrailin yer üzündən silinməsini özünün ali məqsədlərindən biri kimi təqdim edir.

İran terroru dəstəkləyir

Bu ittiham indi az qala adi normal qiymətləndirmə səviyyəsinə çatmışdır. Onun əsasında rəsmi Tehranın yaratdığı silahlı proksilərin işləri dayanır. Təsadüfi deyil ki, Yaxın Şərq münaqişəsindəki əsas fiqurlar olan “Hizbullah” təşkilatı birbaşa, HƏMAS isə dolayısı ilə İrana bağlıdır.

Suriyada, İraqda baş verən qarşıdurmalarda İran xüsusi rol oynayır. Hazırda Nuri Malikinin İraqda yenidən hakimiyyətə gətirilməsinə İran ciddi dəstək verir. Nuri Malikinin qatı türk əleyhidarı olduğu haqqında informasiyalar yayılır. Belə təxmin edirlər ki, əgər o hakimiyyətə gəlsə, dərhal Suriya ilə müharibə vəziyyətinə keçəcək. Bu da həm bölgədə yeni münaqişəyə yol açacaq, həm də Türkiyənin maraqları və təhlükəsizliyi üçün təhdid meydana gətirəcək.

Bunlar o deməkdir ki, siyasi və ekspert dairələrində belə bir fikir vardır ki, rəsmi Tehran bir neçə Yaxın Şərq ölkəsində (Suriya, Livan, İraq) özünün paramilitar və terrorçu qruplarını saxlamaqla regionda sabitliyin qarşısını alır. Və məsələ bununla bitmir. İran həmçinin PKK ilə əlaqəli bəzi qrupları maliyyələşdirir.

Regional təhlükəsizliyə tektonik təsir

Ümumiyyətlə, regionda baş verən istənilən münaqişədə İranın “barmağı” olduğöu barədə tez-tez danışılır.  Rəsmi Tehran hazırda əsasən “Yaxın Şərq-Şərqi Avropa-Cənubi Qafqaz” geosiyasi məkanının təhlükəsizlik arxitekturasına tektonik təsir göstərən bir neçə istiqamətdə fəaliyyət göstərir. İlk baxışdan bu tezis bir qədər qəribə və qeyri-real görünə bilər. Lakin qloballaşan dünyada bu, real bir faktdır. Həmin bağlılıqda bir neçə faktda baxaq.

Rəsmi Tehran işğalçının yanında

Ukrayna ilə müharibəyə başlayanda Rusiyaya ilk hərbi yardımı İran etdi. İlk gündən rəsmi Tehran  Rusiyaya dron və raket satmaqla faktiki olaraq Ukraynaya qarşı işğal müharibəsində iştirak edir. Təcavüzkarın yanında dayanmaqla İran Ukraynanın suveren hüquqlarını və ərazi bütövlüyünü şübhə altına alır.

Nəzərə alaq ki, Ukrayna coğrafi cəhətdən Şərqi Avropada yerləşir və İrandan çox uzaqdır. Amma  Ukrayna Qara dəniz vasitəsilə Cənubi Qafqazla həmsərhəddir, Gürcüstan və Azərbaycanla sıx əməkdaşlıq edir. Digər tərəfdən, Ukrayna Qərb tərəfindən Rusiyanın Avropaya təcavüzünün genişlənməsinə müqavimət qalası kimi qəbul edilir. Ona görə də İran öz hərbi texnikası və mütəxəssisləri ilə işğalçı Rusiyaya kömək edir.

Cənubi Qafqaz siyasəti

Qəribədir ki, rəsmi Tehran Cənubi Qafqaza özünün “arxa bağçası” kimi baxır. Azərbaycan, Ermənistan və Gürcüstanı öz təsir dairəsində saxlamaq istəyir. Nəzərə alaq ki, son 35 ildə İran Azərbaycana qarşı təcavüzdə açıq və gizli şəkildə Ermənistana dəstək verib. 44 günlük müharibə dövründə Ermənistanla sərhədlərini açıq saxlayan tək ölkə İran oldu. Hətta Rusiyadan, Hindistandan və digər dövlətlərdən göndərilən hərbi sursatlar İran üzərindən Ermənistana çatdırılırdı.

44 günlük müharibədən sonra İran həm, Ermənistana, həm də Qarabağdakı separatçılara yardımları dayandırmadı. Qarabağa ən çox yük daşıyan İran yük maşınları idi.

Ümumiyyətlə, İran maraqlıdır ki, Cənubi Qafqazda lokal münaqişələr hər zaman olsun. Çünki rəsmi Tehran güclü Azərbaycan, dirçələn Ermənistan və sabit Gürcüstan görmək istəmir.

Bunu etməklə İran yeni regional təhlükəsizlik sisteminin perspektivlərini kökündən sarsıdır. Süni şəkildə yaradılmış dini təbliğata əsaslanaraq bölgə ölkələrini bir-birinə qarşı qoyur. Yəni İran Cənubi Qafqazda dağıdıcı siyasət yürüdür. Burada rəsmi Tehran birtərəfli olaraq təcavüzkar Ermənistanı dəstəkləyir və vahid regional təhlükəsizlik sisteminin qurulmasını təhdid edir. İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və Qərbin maraqlarına qarşı geosiyasi mövqe tutur.

Yaxın Şərqdəki hərəkətlərinə bənzər şəkildə dini fanatiklər rejimi Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin perspektivlərini məhv etmək siyasəti yürüdür. İran Ermənistanın təhlükəsizliyini Azərbaycan və Gürcüstanın təhlükəsizliyindən ayrı bir proses kimi təqdim etməklə faktiki olaraq regionda kövrək geosiyasi vəziyyət yaradır.

Halbuki tarixin bu mərhələsində heç bir ölkə regional təhlükəsizlik sistemindən kənarda həqiqətən təhlükəsizlikdən yararlana bilməz. Qloballaşan dünyada nəzərdən keçirilə biləcək yeganə təhlükəsizlik bütövlükdə regionun təhlükəsizliyidir.

ABŞ və Avropa Birliyi bölgədə kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını və demarkasiyasını, sabit bir bölgənin yaradılmasını müdafiə edir. Bu, xüsusilə Azərbaycan və Ermənistan liderləri ilə ABŞ və Aİ rəsmiləri arasında keçirilən görüşlərlə təsdiqlənir. 2025-ci ilin 8 avqustunda Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşündə razılaşdırılmış TRIPP marşrutuna molla rejimi xüsusi aqressivliklə yanaşır.

Eyni zamanda, Tehran təxribatçı hərbi təlimləri və absurd bəyanatları ilə regiondakı vəziyyəti pozmağa çalışır.

Təbii ki, Qərb İran hakimiyyətinin vətəndaşlarına qarşı qeyri-insani rəftarından da çox narahatdır. Rejimin yerli əhaliyə qarşı repressiv siyasəti və insanlığa sığmayan addımları hiddət və təəssüf doğurur. (ardı var)

Azər Xudiyev, Azərbaycanın Ukraynadakı sabiq səfiri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin