
Kobanidə 800-dən artıq adam ölüb
Suriya İnsan Haqları Müşahidə Mərkəzi isə sentyabrın 16-dan - İŞİD-in Kobaniyə hücumundan bu günə qədər baş verən döyüşlərdə 800 nəfərdən artıq insanın öldüyünü bildirib. Ölənlərdən 481 nəfəri İŞİD döyüşçüsü, 313 nəfəri isə kürddür. Koalisiya qüvvələrinin bombardmanlarında öldürülən İŞİD üzvləri bu rəqəmlərə daxil deyil.
İraqda da toqquşmalar davam edir. İraq kürd administrasiyasının peşmərgə qüvvələrinin sözçüsünün məlumatına görə, bir qrup silahlı Mosulda İŞİD komandirlərindən olan Əbu Hüzeyfənin evinə hücum edərək onun özünü və 17 mühafizəçisini qətlə yetirib. Hücumdan sonra qruplaşma üzvləri qaçıb.

“əl-Cəzirə”nin məlumatına görə, hücumu “Ağ kəfənlilər” adlı gizli qruplaşma törədib.
Xəbərdə bildirilir ki, Suriyanın Deyr əz-Zor şəhərinə tabe olan Əbu Kamal qəsəbəsində bir neçə qruplaşmanın birləşməsindən yaradılan məxfi “Ağ kəfənlilər” dəstəsi özlərini həm də “Əbu Kamalın xalq müqaviməti” qrupu adlandırır.
Qruplaşma üzvləri İŞİD üzvlərini yaxalayaraq başlarını kəsməyə söz verdiklərini bildiriblər. Bir neçə həftə əvvəl “Ağ kəfənlilər” qəfil hücumlar həyata keçirərək 100-ə yaxın İŞİD üzvünü yaxalayıb və başlarını kəsib. Qruplaşmanın 300 nəfərdən ibarət üzvünün olduğu bildirilir.

İŞİD Kobanidən çəkilir?
Bu arada ərəb mətbuatı İŞİD-in Kobanidən çəkilməyə hazırlaşması haqda xəbər yayıb. “Rəy əl-Yaum” qəzetinin yazdığına görə, İŞİD-in rəhbəri Əbu Bəkr Bağdadi dəstə komandirləri ilə toplantı keçirib. Toplantıda əl-Bağdadi komandirlərinə Livanın Bəka, Arsal və Kobanidən çəkilmələri ilə bağlı göstəriş verib.
Ərəb nəşrinin Raqqa şəhərindəki mənbələrə istinadən verdiyi xəbərə görə, əl-Bağdadi Livandakı İŞİD qüvvələrinin döyüşlərə qatılmasından qəzəblənib və onları döyüşlərə qatılmamağa, daha çox tərəfdar toplamağa çağırıb. Mənbənin bildirdiyinə görə, əl-Bağdadi Arsal və Bəka vadisində İŞİD üzvlərinin üzə çıxmasından narazı qalıb, İŞİD-çilərin gizli hücrələrdən çıxmasının yanlış olduğunu, daha çox güc toplamalı olduqlarını bildirib.
Eyni zamanda toplantıda İŞİD-in Kobanidən çəkilməsi ilə bağlı müzakirələr aparıldığı qeyd edilir. Bildirılir ki, toplantıda bəzi İŞİD liderləri Kobaniyə hücumun dayandırılmasına qarşı olduqlarını deyiblər və geri çəkilmə ilə bağlı qərarın İŞİD-in şura məclisi tərəfindən verilməsi qərara alınıb (musavat.com).


































































































