Son günlər Ukraynadakı siyasi vəziyyətlə bağlı fərqli fikirlər yayılmağa başlayıb.
Belə ki, bir neçə gün bundan əvvəl xarici mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 24-də prezident seçkiləri və Rusiya ilə sülh sazişi üzrə referendum elan etməyi planlaşdırdığı iddia edilirdi. Hətta bildirilirdi ki, Zelenski bu qərara ABŞ-ın təzyiqi nəticəsində gəlib. Bu əsasda bəyan edilirdi ki, hər iki səsvermənin mayın 15-dək keçirilməlidir.
Lakin Ukrayna Prezidenti jurnalistlərə açıqlamasında bu məlumatı təkzib edib:
“Dəfələrlə demişəm ki, bütün müvafiq təhlükəsizlik təminatları olduqda seçkilər keçirilə bilər"-deyə Zelenski bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna seçkilərə hazırdır, amma bu, atəşkəsdən sonra ola bilər.
Görünən odur ki, Tramp adminstrasiyası Ukraynada seçkilərin keçirilməsində maraqlıdır. Ağ Ev bir neçə dəfə bu məsələni Kiyev qarşısında qaldırıb. ABŞ-ı əsas maraqlandıran müharibənin dayandırılmasıdır ki, buna nail olmaq üçün onlar əsasən də Kiyevə təzyiq göstərirlər.
Qeyd edək ki, Rusiya tərəfinin tələblərindən biri də məhz Ukraynada seçkilərin keçirilməsidir. Çünki Kreml Zelenskini legitim prezident hesab etmir.
Bir sözlə, Zelenski ABŞ-ın təzyiqlərinə baxmayaraq, seçkilərin gündəmdə olmadığını elan edir.
Görəsən, Ağ Evin buna reaksiyası nə olacaq? Ukraynanı nə gözləyir?
Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Ukrayna ağır vəziyyətdədir, lakin buna rəğmən indiki şəraitdə Kiyev seçkilərə getməyəcək:
“Rusiya Zelenskini kənarlaşdırıb, Ukraynada hakimiyyətə daha yumşaq, idarəolunan birinin gətirilməsinə çalışır. Bunun üçün də Trampın zəif damarından istifadə edirlər. Amma Zelenskinin əlində də Ukrayna xalqı və konstitusiya kartı var. Konstitusiya müharibə şəraitində seçkilərin keçirilməsini qadağan edir. Ukraynanın 40 milyonluq əhalisinin 10-12 milyonu indi qaçqınlıq həyatı yaşayır. Xeyli hissəsi də işğal altında olan 20 faiz ərazidə yaşayır. Onlar səs verə bilməyəcək. O, biri tərəfdən də ölkə mütəmadi olaraq zərbə altındadır. Belə şəraitdə seçkinin keçirilməsi mümkün deyil”.
Politoloq düşünür ki, Tramp adminstrasiyası bütün hallarda seçkilərin keçirilməsində israr etməkdə davam edəcək. Lakin bununla belə, həmsöhbətimiz daxildə Trampa qarşı olan və Kiyevə dəstək verən siyasi qüvvələrin də mövcud vəziyyətə təsir göstərmək gücündə olduğunu istisna etmir:
“Belədə məsələnin olduqca mürəkkəb olduğu üzə çıxır. Lakin o bəllidir ki, Zelenski seçkilərə gediləcəyini bəyan etməyincə, seçkilər də olmayacaq. Amerikanın Ukrayna ilə münasibətləri də qarşılıqlı mənafe əsasındadır. Əlbəttə ki, Kiyev ABŞ-dan daha çox asılıdır. Amma Amerikanın özü də müəyyən dərəcədə Ukraynadan asılıdır.
Kanada və ABŞ-da böyük Ukrayna diasporu var. Digər tərəfdən, ABŞ-da Putinin işğalçı siyasətini bəyənməyən, Zelenskini dəstəkləyən və Trampa qarşı fəaliyyət göstərən çoxsaylı nüfuzlu siyasi dairələr, siyasi xadimlər var. Onlar hamısı birlikdə mövcud siyasi vəziyyətə təsir göstərmək gücündədirlər. Belədə, mövcud durumda seçkilərlə bağlı Zelenski hələlik öz marağına uyğun addımı atmaqda davam edəcək”.
Rüfət Sultan, Bizim.Media


































































































