ABŞ-la Avropanın bir sıra aparıcı ölkələri arasında gərginlik davam edir. Bu günlərdə Fransa Prezidenti Emmanuel Makron mətbuata açıqlamasında ABŞ-ın Avropanı parçalamaq istədiyi bəyanatı ilə çıxış edib.
Fransa lideri iddia edib ki, ABŞ-nin hazırkı administrasiyası açıq şəkildə anti-Avropa mövqelidir, Avropa İttifaqına qarşı hörmətsizlik edir və onun parçalanmasını istəyir. Bununla yanaşı, Makron Aİ-nin ABŞ-la iş aparmaq üçün seçdiyi “baş əymək” strategiyasını da uğursuz adlandırıb.
Makronun bu bəyanatı fonunda Avropa ölkələri də genişmiqyaslı hərbi hazırlıqlara başlayıblar.
Xarici mətbuatın yazdığına göərə, Böyük Britaniya ordusu gizli şəkildə Rusiya ilə mümkün silahlı toqquşmaya hazırlaşır. Britaniya Ordusunun ən böyük piyada alayının keçirdiyi təlimlər döyüş şəraitinə mümkün qədər yaxın şərtlərdə təşkil olunub.
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış da ehtiyat qüvvələr üçün mart ayından yüksək hazırlıqlı genişmiqyaslı təlimlərə başlayacaqlarını elan edib. Bildirib ki, ehtiyat qüvvələrin sayı 300 min nəfər olacaq.
Görəsən, “köhnə qitə”də nə baş verir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, “köhnə qitə”də əcaib, ağlasığmayan dəyişikliklər baş verir:
“Bu dəyişikliklər həm Avropanın özünəvurğunluq səviyyəsini, həm də onun bacarıqsızlığını açıq şəkildə nümayiş etdirir. Hələ Trampın birinci prezidentlik dövründə bəlli oldu ki, Vaşinqton Avropanın yükünü daşımaqdan özünü xilas etmək istəyir. Tramp bəyan etdi ki, Avropanın qayğılarını artıq daşımaq fikrində deyil”.
“Avropa daxilində mərkəzdənqaçma prosesləri güclənir”.
Həmsöhbətimizin fikrincə, artıq Brüssel özü də təlatüm içindədir:
“Avropa İttifaqı daxilində böyük bir seqreqasiya, yəni ayrı seçkilik yaratma ənənəsi oturuşub. Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya kimi dövlətlərə bir o qədər də böyük diqqət yoxdur. Makron isə Avropa siyasi birliyi ideyasını gündəmə gətirməklə yeri gələndə ondan Amerikaya qarşı istifadə etməyi düşünür. Avropanın birgə silahlı qüvvələrinin yaradılması ideyası da “çiy ideya” idi. Onlar heç buna zərurətin nədən qaynaqlandığını əsaslandıra da bilmədilər. Bu təbii ki, Amerikaya jest vermək cəhdi idi. Tramp isə belə şeyləri qəbul etmir. O hər şeyə mənafe prizmasından yanaşır”.
Ekspert qeyd edib ki, hazırda Avropa özbaşına qalıb:
“Üç mərkəz-Berlin, Paris və ittifaqda olmayan London çalışır ki, Avropanı dirçəltsin, güc mərkəzinə çevirsinlər. Onlar görür ki, fövqəlqüvvələr dünyada yeni bölgü aparır. Bu fonda sözügedən 3 mərkəz çalışır ki, özlərini də oturuşmuş güc mərkəzi kimi təsdiq edə bilsinlər. Vaşinqtonun baxışına görə isə Avropa periferiyaya çevrilir. “Köhnə dünya” isə bununla barışa bilmir”.
Politoloqun fikrincə, Avropa özünün yekəxanalığından, saymamazlığından uzaqlaşmalıdır:
“Hansı ki, belə normalar indiki şəraitdə qətiyyən keçərli deyil. Gələcəyin müqəddəratını iki məsələ həll edəcək: süni intelekt və enerji mənbələrinin kimin əlində olması. Bu baxımdan da Avropa gecikməyin qıcığını yaşayır”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
09:40 / 12.02.2026
“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?
Hazırda oxunan: “Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?
Hazırda oxunan: “Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?
595748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































