Avropa İttifaqından AÇIQLAMA - "TikTok" uşaqlarda asılılıq yaratdığı üçün cərimələnə bilər

Hazırda oxunan: Avropa İttifaqından AÇIQLAMA - "TikTok" uşaqlarda asılılıq yaratdığı üçün cərimələnə bilər

594932

Avropa İttifaqı rəsmiləri bildirib ki, "TikTok" platforması azyaşlılarda asılılıq yaradan funksiyalarını mütləq dəyişməlidir.

Bizim.Media “Al Jazeera”ya istinadən xəbər verir ki, Avropa Komissiyası cümə günü "TikTok"-la bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.
 

Bildirilib ki, sonsuz sayda sürüşdürmə, avtomatik oynatma, bildirişlər və fərdiləşdirilmiş tövsiyə alqoritmi kimi funksiyalar istifadəçilərdə asılılıq yaradır.


Aİ-nin texnologiya üzrə komissarı Henna Virkkunen jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "TikTok" tədbir görməli və Avropada xidmətinin dizaynını azyaşlıları qorumaq üçün dəyişməlidir.

Avropa Komissiyasının nümayəndəsi Tomas Rönye isə qeyd edib ki, "TikTok"-un hazırda tətbiq etdiyi tədbirlər qətiyyən yetərli deyil:

“Bu funksiyalar insanlarda asılılığa gətirib çıxarır. Xüsusilə, uşaqların psixi sağlamlığı və rifahı baxımından ciddi risklər daşıyır”.

Bildirilir ki, "TikTok"-la bağlı araşdırma ilk dəfə 2024-cü ilin fevralında başlanıb. Tomas Rönye araşdırma zamanı toplanan mənfi statistik göstəriciləri vurğulayıb.
 

Onun sözlərinə görə, TikTok 13-18 yaş arası uşaqlar arasında gecə yarısından sonra ən çox istifadə edilən sosial media platformasıdır. Həmçinin 12-15 yaş arası uşaqların 7%-i hər gün "TikTok"-da ən azı 4-5 saat vaxt keçirir.


Məsələ ilə əlaqədar olaraq Aİ-nin tənzimləyici qurumu "TikTok"-un sahibi olan “ByteDance” şirkətini hədələyərək bildirib ki, əgər bu dizayn dəyişdirilməsə, o zaman şirkətin qlobal dövriyyəsindən 6%-dək cərimə tutulacaq.

"TikTok" nümayəndələri isə bu nəticələri sərt şəkildə tənqid edərək onların əsassız olduğunu bildirib:

“Komissiyanın ilkin nəticələri platformamızla bağlı tamamilə yanlış və əsassız bir təəsürat yaradır. Biz bu nəticələrə etiraz etmək üçün bütün zəruri addımları atacağıq”.
 

Qeyd edək ki, hazırda Aİ ölkələrində güclü texnologiya və sosial media şirkətlərinə qarşı daha sərt məhdudiyyətlər tətbiq edilir. Bu addımların əsas məqsədi isə gənc istifadəçiləri qorumaqdır.


"TikTok"-u rəqiblərindən fərqləndirən əsas xüsusiyyəti isə odur ki, bu tətbiq istifadəçilərin maraqlarını dəqiq müəyyən edir və onlara ən uyğun kontenti yönləndirir.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin