İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

594689

Fevralın 6-da Omanda İran və ABŞ rəsmiləri arasında danışıqların baş tutması gözlənilir. 
Bizim.Media xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi X hesabında yazıb. O, Oman tərəfinə bütün zəruri tədbirləri təşkil etdiyi üçün təşəkkür edib.

Bəs regionda artan gərginlik fonunda görüşdən hansı nəticə hasil olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iranlı jurnalist, politoloq Fərşid Baqirian bildirib ki, İran tərəfi görüşdə maraqlı olsa da, ciddi nəticə əldə ediləcəyinə ümid etmir:

“Əvvəlcə görüşün Türkiyədə keçirilməsi nəzərdə tutulurdu. Halbuki İran burada müəyyən bir məntiq yürüdür. Məntiq bundan ibarətdir ki, artıq birinci görüşdən etibarən qarşılıqlı etimad yoxdur. İranın yanaşmasına görə Trampa da, Amerikaya da güvən yoxdur. Əgər bu görüş baş tutmayacaqsa, ya da nəticə verməyəcəksə, niyə bunu dost ölkə Türkiyədə keçirməliyik? Məhz buna görə İran daha aşağı profilli bir məkan - Omanı seçdi. Çünki Türkiyə yüksək profilli bir oyunçudur, prosesə təsir göstərə bilər. Oman isə oyun qura bilmir, sadəcə neytral bir ölkədir”. 

Politoloq qeyd edib ki, İran bu addımı ilə oyunçu deyil, məkan seçib:

“Öncə çıxan xəbərlərdən fərqli olaraq, görüş təxirə salınmayıb, keçiriləcək. Cümə günü saat 10-da baş tutacaq. Mən bu görüşün ciddi nəticə verəcəyini düşünmürəm. Çünki ortaya qoyulan şərtlər əsasən Amerikanın istəkləridir. Deyirlər ki, nüvə proqramı tamamilə dayandırılmalıdır, əldə olan uran ölkədən çıxarılmalıdır, İran raket imkanlarını İsrailə zərbə endirə bilməyəcək səviyyəyə salmalıdır. Bu kimi tələblər faktiki olaraq İran üçün çox ağırdır”.

Bununla belə, İran Amerikanın müəyyən qədər güzəştə gedə biləcəyini düşünür. 

“Məsələn, zənginləşdirmə səviyyəsində İran güzəşt edə bilər — 60 faizdən 20 faizə və ya daha aşağı səviyyəyə endirə bilər. Amma raket mənzili məsələsində İran heç bir güzəştə getməz. Bu, onun üçün qırmızı xəttdir. Sadəcə olaraq İran hücum etməmək barədə razılaşma təklif edə bilər.

Yəni raket proqramını saxlayır, amma heç kimə hücum etməyəcəyini bəyan edir. İranın nüvə silahının olmadığı da məlumdur və bu raketlərin nüvə raketi olmadığı da hər kəsə bəllidir”.

Jurnalist əlavə edib ki, İranı sıxışdırmaq üçün masada olmayan bəzi məsələlər də müzakirə mövzusu ola bilər:

“Son məsələ isə ümumi xarakter daşıyır. İnsan hüquqları kimi mövzular səslənə bilər, amma İran bunu daxili işlərinə müdaxilə kimi qəbul edir. İran müəyyən qədər bunu dinləyə bilər, lakin bu sahədə ciddi təzyiqi qəbul etməz. Bu mövzular gələcəkdə daha çox müzakirə olunacaq.

Oman aşağı profilli bir məkan olaraq seçilib. Amma əgər İranla Amerika arasında real bir anlaşma əldə olunarsa, o zaman bu anlaşmanın yeri artıq Oman deyil, İstanbul və ya Ankara kimi daha yüksək profilli bir məkanda ola bilər”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin