Zelenski SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanındığını elan edib.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
“Biz Ukraynada artıq belə bir qərar qəbul etmişik və bu təşkilatı terrorçu kimi müəyyən etmişik, bizim üçün bu məsələ bağlanıb. Dünyadakı bütün terrorçular eyni münasibətə və qınanmağa layiqdir — heç biri qalib gəlməməlidir”, - deyə Zelenski deyib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması ilə bağlı qərar artıq Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəsmi saytında dərc olunub. Ümumilikdə terrorçu təşkilatlar siyahısında 27 qurum yer alır.
Volodimir Zelenski yenidən İranda etiraz edənləri dəstəkləyib və İran hakimiyyətinin hərəkətlərini pisləyib:
“Ukrayna azadlığı dəyərləndirən və onun uğrunda mübarizə aparmağa hazır olan xalqları dəstəkləyir. Bütün dünya İranda nə baş verdiyini, nə qədər qətlin törədildiyini və İran rejiminin regionda və dünyada müharibə və zorakılığın yayılmasına necə sərmayə qoyduğunu görür.
Ukrayna şəhər və kəndlərimizə, insanlarımızın üzərinə atılan minlərlə “Shahed”i (İran istehsalı olan dron hücumları üçün nəzərdə tutulmuş pilotsuz hava döyüş texnikası) unutmayacaq.”
Bizim.Media


































































































