Tehranda “Oskar”a namizəd olan filmin ssenaristi saxlanıldı

Hazırda oxunan: Tehranda “Oskar”a namizəd olan filmin ssenaristi saxlanıldı

594035

Tehranda “Sadə təsadüf” (“A Simple Accident”) filminin ssenari müəlliflərindən biri Mehdi Mahmudyan saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Human Rights Activists News Agency hüquq-müdafiə təşkilatına istinadən Associated Press və The New York Times məlumat yayıb.
 

Filmin yaradıcı heyətinin nümayəndələrinin bildirdiyinə görə, Mahmudyan şənbə günü, yanvarın 31-də həbs edilib. Ona qarşı hansı ittihamların irəli sürüldüyü hələlik məlum deyil. BBC Persian-ın məlumatına görə, Mahmudyan vəkili ilə danışa və ailəsi ilə qısa əlaqə saxlayaraq həbs olunduğunu xəbər verə bilib, lakin hazırda harada saxlanıldığı açıqlanmır.


Qeyd olunur ki, yanvarın 28-də Mahmudyan və daha 16 nəfər İranda etirazların zorakılıqla yatırılmasını pisləyən və ölkənin ali rəhbəri ayətullah Əli Xameneini tənqid edən bəyanata imza atıblar. AP xəbər verir ki, həmin bəyanatı imzalayan digər iki şəxs də saxlanılıb.

Hazırda İran xaricində olan “Sadə təsadüf” filminin rejissoru Cəfər Pənahi Mahmudyanın müdafiəsi ilə bağlı bəyanatla çıxış edib. 

Bəyanatda deyilir: “Mehdi Mahmudyan təkcə hüquq müdafiəçisi və vicdan məhbusu deyil O, şahid, dinləyici və nadir əxlaq nümunəsidir. Yoxluğu həm həbsxana divarları arasında, həm də onlardan kənarda dərhal hiss olunan bir insandır.”

İranlı rejissor Cəfər Pənahinin “Sadə təsadüf” filmi 2025-ci ilin mayında dünya prokatına çıxıb. Bu, onun “sistem əleyhinə təbliğat” ittihamı ilə məhkum edildiyi həbsdən sonra çəkdiyi ilk filmidir. Film İranda qadağan olunub.
 

Rusiyada ekran əsərinin 30 oktyabr 2025-ci ildə prokata çıxması planlaşdırılırdı, lakin film prokat şəhadətnaməsi ala bilməyib. Rusiya Mədəniyyət Nazirliyi onu “qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi” əsasını gətirərək verməyib.


Filmin süjeti keçmiş iranlı siyasi məhbusun hekayəsinə əsaslanır: o, öz işgəncə verəni ilə qarşılaşır və ondan qisas almağa qərar verir.

2025-ci ildə “Sadə təsadüf” Kann Film Festivalında “Qızıl Palma budağı” mükafatına layiq görülüb. Film eyni zamanda “Oskar” mükafatına iki nominasiyada — “Ən yaxşı ssenari” və “Ən yaxşı xarici dildə film” kateqoriyalarında namizəd göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin