Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

Hazırda oxunan: Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

593774

Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov səhhətində yaranmış ciddi problemlər ilə bağlı xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, Şeyx Əbdül xəstəxanadakı müalicə prosesi, kino cameəsində baş verən son proseslərlə bağlı Musavat.com-a danışıb.

–Əbdül bəy, hazırda vəziyyətiniz necədir? Ötən gün mədəniyyət nazirinin köməkçisi Fərid Cəfərov bildirmişdi ki, tezliklə nazirlik tərəfindən sizi ziyarət edəcəklər. Sizinlə maraqlanırlarmı?

–Nazir Adil Kərimli özü dünən şəxsən zəng etdi. Bildirdi ki, hazırda aeroportdadır, səfərə gedir və 3 gündən sonra geri qayıdandan sonra görüşəcəyik.

Dünən isə Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov, kinostudiyanın rəhbərliyi və nazirliyin rəsmiləri yanıma gəldilər. Mənə ağsaqqal, Xalq artisti kimi böyük hörmət göstərirlər. Həkimlər də çox diqqətlidirlər. Bütün müalicə göstərişləri verilib, dövlət hesabına müalicə alıram. Belimlə bağlı Türkiyədən mütəxəssis dəvət ediblər, o da gələcək. Mədə-bağırsaq, bel ağrıları və digər problemlərlə bağlı müalicələrim davam edir.

–Həkimlər nə deyir? Neçə gün xəstəxanada qalmağınız planlaşdırılır?

–Bazar ertəsindən etibarən üç xəstəliyimin müalicəsinin birinci mərhələsinə başlanılacaq. O cümlədən gözlərimlə bağlı. Son günlər gözümdə tor əmələ gəlib, görməmdə problem var. Daha sonra bel məsələsi həll olunacaq ki, rahat gəzə bilim. Yəqin ki, təxminən 10 gün xəstəxanada qalacağam.

–Xəstəxanadan bir video müraciət də etmişdiniz, küsülü olduğunuz Şəfiqə Məmmədova və Rasim Balayevə çağırış etmişdiniz ki, bir araya gələsiniz...

–Bəli. Şəfiqə Məmmədova ilə kurs yoldaşı olmuşuq. Rasim Balayevlə isə 50 illik ailə dostluğumuz var. Söhbət kino ittifaqları tərəfindən kino cameəsinin parçalanmasından və mənim buna qarşı mübarizəmdən gedirdi. Nəhayət ki, bu proses baş tutdu – iki kino ittifaqı bir araya gəldi, sədr də seçildi. Bundan sonra kimsə buna qarşıdırsa, küsüb inciyirsə, bu artıq onların problemidir. Əslində kino ittifaqı bir təşkilatdır. Bu təşkilat milli kinomuzun dirçəlməsində nə edə bilər? Kinonun inkişafına əsas töhfəni ARKA və Mədəniyyət Nazirliyi verə bilər. İttifaq isə çalışmalıdır ki, kino cameəsi bir araya gəlsin, qarşıdurma, tərəfkeşlik olmasın, söz-söhbət yaranmasın. Kiməsə kömək edəndə digərini də unutmamalıdırlar. Şəfiqə Məmmədova və Rasim Balayevlə münasibətlərimə gəlincə, hazırda heç kimə qarşı küskünlüyüm yoxdur.

Sadəcə, umduğum yerdən incimişdim. 80 illik yubileyimlə bağlı məni quru sözlə belə təbrik etmədilər, tədbir keçirmədilər. Mən isə ittifaqlar birləşəndə, Rasim Balayev sədr seçiləndə gedib şəxsən onu öpüb-qucaqlayıb, təbrik etmişdim.

–Yəqin bilirsiniz, Rasim Balayev də xəstəxanaya yerləşdirilmişdi, ötən gün evə buraxılıb.

–Bunu dünən yanıma gələnlərdən eşitdim. Etdiyim duaların içində birinci onun üçün dua etdim.

İnanıram ki, xəstəliyi ağır deyil. Rasim Balayev bizə sədr kimi yox, böyük sənətkar, kino adamı kimi lazımdır. Kinomuzun dirçəlməsində onun xeyir-duası vacibdir. Ona Allahdan cansağlığı arzulayıram.

–Zəng edib bunu özünə deməyi düşünürsünüzmü?

–Bir az özümə gəlim, mütləq zəng edib hal-əhval tutacağam.Məni narahat edən odur ki, son zamanlar köhnə açıqlamalarımı yenidən gündəmə gətirirlər. Mən əlimdə tüfəng hər kəsin arxasınca düşə bilmərəm ki... Bu nəyə lazımdır? Artıq kino cameəsi birləşməlidir. Artıq kino ilə bağlı komissiya da yaradılır. Komissiyada Ramiz Rövşən, Hüseyn Mehdiyev, Ayaz Salayev, Ramiz Həsənoğlu və mən olacağam. Nazir Adil Kərimli səfərdən qayıdandan sonra işə başlayacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin