Rusiyanın Moskva vilayətində on il əvvəl törədilmiş bir sıra qətllərin üstü açılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayətkarın qurbanların əmlakını öz adına keçirdiyi ortaya çıxıb.
Məlumata görə, 44 yaşlı Alisa Vasilyeva və onun 10 yaşlı qızı Alena 2010-cu ilin dekabr ayında naməlum şəkildə yoxa çıxıblar. Onların cəsədləri 2011-ci ilin mayında göldə tapılıb. Həmin vaxt işin üstü açılmasa da, istintaq davam edirdi.
2024-cü ilin mart ayında Noginskdəki bağçılıq birliyinin ərazisində Sergey Qorbaçenko adlı şəxsin cəsədi aşkar edilib. O, 2023-cü ilin noyabrında itkin düşüb. İstintaq zamanı məlum olub ki, həm Alisa, həm də Sergey yoxa çıxmazdan bir gün əvvəl Moskvadakı mənzillərini eyni adamın adına keçiriblər.
İşlər dərhal birləşdirilib və müəmmalı şəxs axtarışa verilib. İstintaq onun 38 yaşlı Andrey Leontyev olduğunu müəyyən edib. İkinci qətldən sonra o, Rusiyanı tərk edərək ABŞ-a gedib və uzun müddət orada qalıb.
2025-ci ilin iyununda həmin şəxs Vnukovo hava limanında saxlanılıb.
Dindirilmə zamanı məlum olub ki, o, başqa bir qadını aldada bilib. Həmin qadın artıq Moskva vilayətində torpaq sahəsini və paytaxtdakı mənzili Leontyevin qohumlarının adına keçirib. Lakin cinayətkar bu vaxta kimi onu öldürə bilməyib.
Kişi hazırda istintaqa cəlb olunub, iş üzrə qətl və dələduzluq maddələri ilə bir neçə cinayət işi açılıb. Moskva vilayətinin İstintaq Komitəsi Leontyevin cinayətlərinin başqa qurbanlarının olub-olmamasını araşdırır.

Bizim.Media

































































































