ABŞ hökuməti Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) üzvlüyünə rəsmi şəkildə son qoyduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ Dövlət katibi Marko Rubio və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat yayıblar.
Bildirilib ki, bu qərar ÜST-nin COVID-19 pandemiyası dövründə həyata keçirdiyi siyasətin uğursuzluğu və həmin qərarların ABŞ xalqına vurduğu zərərin nəticəsi olaraq qəbul edilib.
ABŞ rəsmiləri vurğulayıblar ki, ÜST əsas missiyasından uzaqlaşaraq, siyasiləşmiş və bürokratik yanaşma sərgiləyib, bir sıra hallarda isə ABŞ-nin maraqlarına zidd mövqe nümayiş etdirib.
Qeyd olunub ki, ABŞ təşkilatın təsisçi üzvü və ən böyük maliyyə təminatçısı olsa da, ÜST qərarlarında Amerika maraqlarına düşmən münasibət bəsləyən dövlətlərin təsiri altında fəaliyyət göstərib.
Bəyanatda deyilir ki, təşkilat pandemiya dövründə amerikalıların həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq paylaşılmasına mane olub, daha sonra isə bu çatışmazlıqları ictimai səhiyyə maraqları adı altında gizlətməyə çalışıb.
Bizim.Media

































































































