Rusiya və Fransa prezidentləri - Vladimir Putin və Emmanuel Makron arasında baş tutan danışıqlar zamanı uzun masanın seçilməsi dünyada koronavirusla bağlı mövcud vəziyyətlə bağlıdır.
Bizim.Media “Podyom” Telegram kanalına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Yalnız epidemioloji tədbirlərə görədir", - Rusiya liderinin sözçüsü izah edib.
Bundan əvvəl bir sıra xarici nəşrlər Putin və Makronun Moskvada danışıqlarda oturduğu çox uzun masaya diqqət çəkib.
Xüsusən də Britaniyanın “The Sun” qəzeti Rusiya prezidentinin fransalı həmkarı ilə görüş keçirdiyini, məsafəni saxlamaq üçün onu böyük stolun o biri ucunda oturtduğunu qeyd edib.
Öz növbəsində, “Daily Mail” nəşrinin jurnalistlərinin ehtimalına görə, Putin bu yolla hazırda Rusiya ilə Qərb arasında mövcud olan uçurumu göstərmək istəyib.
“Bundan əvvəl iki ölkə liderlərinin Kremldə görüş zamanı əks olunan foto sosial şəbəkələrdə trendə çevrilmişdi. Xüsusilə də istifadəçilər zarafatla deyiblər ki, Putin və Makron arasında danışıqlar masanın uzunluğuna görə bu qədər uzun çəkib”, deyə “lenta.ru” yazıb.
İki ölkə liderləri arasında danışıqlar fevralın 7-də Kremldə keçirilib və beş saatdan çox davam edib. Nəticədə Putin Makronla görüşün işgüzar şəraitdə keçdiyini, mənalı və faydalı olduğunu bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, Fransa prezidenti ilə NATO-nun Şərqə doğru genişlənməməsini və Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.
Bizim.Media