Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Davosda ABŞ Prezidenti ilə qısa söhbətinin məzmununu ölkə liderinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə tengrinews.kz saytı yazıb.
Ruslan Jeldibay bildirib ki, bir sıra KİV nümayəndələri Davosda Sülh Şurasının Nizamnaməsinin imzalanması mərasimi zamanı Qazaxıstan Prezidentinin ABŞ lideri ilə qısa söhbətinin detalları barədə açıqlama xahişi ilə müraciət ediblər.
“Prezident Kasım-Jomart Tokayev amerikalı liderin diqqətinə çatdırıb ki, Davos Forumunda yayılan rəsmi sənəddə — “Prezident Donald Trampın 365 gün ərzində 365 qələbəsi” adlı siyahıda — 177-ci qələbə kimi Qazaxıstanın Avraam razılaşmalarına qoşulması yer alıb”, — deyə Ruslan Jeldibay yazıb.
Bundan əlavə, Prezident Tokayev ABŞ liderinə “sağlam məntiqə əsaslanan” daxili siyasətinin həyata keçirilməsində uğurlar arzulayıb.
“Öz növbəsində Donald Tramp dövlət başçımıza Sülh Şurasının yaradılması ilə bağlı təşəbbüsünə verdiyi dəstəyə görə təşəkkür edib”, — deyə Ruslan Jeldibay qeyd edib.
Qeyd edək ki, yanvarın 22-də Kasım-Jomart Tokayev Davosda konqres mərkəzinə gəlib. Məhz burada ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib.
Bizim.Media































































































