Yol-nəqliyyat hadisəsində xəsarət alan Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun vəziyyəti həkimlərdə narahatlıq doğurmur.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Azadlıq radiosu öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, qəza nəticəsində xəsarət alan Adam Kadırovun Moskvaya aparılması üçün təyyarə uçuşa hazırlanır.
Eyni zamanda, Qroznı şəhərində yerləşən respublika xəstəxanasına yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan digər şəxslər də çatdırılıb. Lakin onların sayı və xəsarətlərinin ağırlıq dərəcəsi barədə dəqiq məlumat verilməyib.
Məlumata əsasən, 18 yaşlı Adam Kadırovun olduğu avtomobil kortejin önündə hərəkət edib. Avtomobili Adam Kadırovun özünün idarə etdiyi bildirilir. Mənbə qeyd edib ki, nəqliyyat vasitəsi hərəkət zamanı idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Azadlıq radiosunun "Kavkaz.Realii" redaksiyasına danışan digər mənbənin sözlərinə görə, Adam Kadırovun huşu artıq yerinə gəlib və hazırda həkimlərin müşayiəti ilə Qroznı hava limanındadır. Bildirilib ki, onun vəziyyəti qənaətbəxşdir.
Yenilənmiş məlumatda bildirilib ki, Qroznıdan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus və “uçan hospital” kimi istifadə olunan An-148-100EM təyyarəsi havaya qalxıb.
Xatırladaq ki, daha əvvəl cümə günü Adam Kadırovun yol-nəqliyyat hadisəsindən sonra Qroznıdakı yeni respublika xəstəxanasına ağır vəziyyətdə çatdırıldığı bildirilmişdi.
Bizim.Media



































































































