ABŞ-da xəstələr üçün hipoimmun 3D-çaplı qaraciyər hazırlanır - İXTİRA

Hazırda oxunan: ABŞ-da xəstələr üçün hipoimmun 3D-çaplı qaraciyər hazırlanır - İXTİRA

591158

ABŞ-nin Karnegi-Mellon Universitetinin tədqiqatçılar qrupu 3D-bioprintinq vasitəsilə xəstənin immun sistemi ilə uyğun olan və kəskin qaraciyər çatışmazlığı olan pasiyentlər üçün müvəqqəti əvəz kimi istifadə edilə bilən funksional qaraciyərin yaradılması üzərində işə başlayıb.

Bizim.Media xəbər verir ki, LIVE (“İmmunkompetent qaraciyərin həcmi mühəndisliyi”) adlı layihə donor orqan çatışmazlığı probleminin həllinə yönəlib.

Tədqiqatçılar 5 il ərzində klinikaya qədər sınaqlar üçün uyğun olan, böyüklər üçün bio-mühəndislik yolu ilə yaradılmış qaraciyər hazırlamağı planlaşdırırlar. 3D-bioprintinq üsulu ilə yaradılan müvəqqəti qaraciyər xəstəyə öz qaraciyərinin bərpası üçün 2–4 həftə vaxt qazandıracaq və potensial olaraq tam transplantasiyadan yayınmağa imkan verəcək.
 

Bu texnologiya eyni zamanda qiymətli donor orqanlarının digər xəstələr üçün qorunmasına kömək edir. Çap prosesi üçün kollagen və insan kök hüceyrələrindən ibarət yumşaq bioloji materiallardan mürəkkəb strukturlar yaratmağa imkan verən FRESH texnologiyasından istifadə olunur. Layihənin əsas xüsusiyyəti “universal donor” sayılan, orqanizmdə rədd olunma yaratmayan hipoimmun hüceyrələrin tətbiqidir ki, bu da xəstəni ömürlük toksik
immunosupressantlar qəbul etmək məcburiyyətindən azad edir.


Layihə rəhbəri professor Adam Faynberqin sözlərinə görə, LIVE yanaşması immun uyğun orqanların yaradılmasına imkan verir və bu, ürək, mədəaltı vəzi və böyrəklərin də bioprintinq yolu ilə hazırlanmasına yol açır. Layihə komandasında Vaşinqton Universiteti, Mayo Klinikası və Pitsburq Universitetinin mütəxəssisləri də yer alır. Layihə 28,5 milyon dollar məbləğində maliyyələşdirilib və vəsait ABŞ-ın Səhiyyə Sahəsində Perspektivli Tədqiqat Layihələri Agentliyi (ARPA-H) tərəfindən ayrılıb.

Amerika Transplantologiya Assosiasiyasının məlumatına görə, ABŞ-da 100 mindən çox insan orqan gözləmə siyahılarındadır. 3D-bioprintinq yolu ilə qaraciyər və digər orqanların hazırlanması həyati əhəmiyyətli transplantasiyalara çıxışı əhəmiyyətli dərəcədə genişləndirə və məhdud donor orqanları fonduna düşən yükü azalda bilər. Tədqiqatın nəticələri Interestingengineering nəşrində dərc olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin